İrandan BƏƏ-yə xəbərdarlıq: İsrailin bir parçası kimi hərəkət etməyin!
İslamazeri.com xəbər verir ki, Hörmüz boğazı və ətrafında geosiyasi gərginliyin artdığı bir vaxtda İran hərbi dairələri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı kəskin xəbərdarlıqlar ünvanlayıb. Tehran administrasiyası BƏƏ-nin hər hansı “məntiqsiz” addım atacağı təqdirdə bu ölkənin bütün iqtisadi və strateji resurslarının birbaşa hədəfə alınacağını bəyan edib.
“Şüşə ev” xəbərdarlığı və İsrail vurğusu
İran mediasının yüksək rütbəli hərbi mənbəyə istinadən yaydığı məlumatda qeyd olunur ki, BƏƏ İsrailin bölgədəki strateji planlarının tərkib hissəsi kimi çıxış edərsə, “heç vaxt unutmayacağı bir dərs” alacaq. BƏƏ-ni ” şüşə evdə oturan” ölkəyə bənzədən hərbi rəsmi, təhlükəsizlik mühitinin pozulmasının Əbu-Dabi rəhbərliyi üçün ölümcül təhdid olduğunu vurğulayıb.
Mənbə xəbərdarlığında bildirib: “BƏƏ İsrail yuvası kimi hərəkət edərsə, biz də onlarla İsrailin bir parçası kimi cəzalandırarıq.” Bununla belə, həmin mənbə BƏƏ tərəfindən hələlik rəsmi bir təhdidin gəlmədiyini, gərginliyin daha çox media üzərindən formalaşdığını da əlavə edib.
Füceyrə hadisələrində ABŞ ittiham olunur
İran dövlət televiziyasına danışan digər bir hərbi yetkili isə Füceyrə limanındakı BƏƏ obyektlərinə hücum etmək kimi bir planlarının olmadığını açıqlayıb. Tehran rəsmisi bölgədəki böhranın əsas səbəbi kimi ABŞ ordusunun Hörmüz boğazındakı qadağan olunmuş marşrutlardan qanunsuz keçid cəhdlərini göstərib.
Rəsmi Tehran Füceyrə limanındakı yanğınlara görə birbaşa Vaşinqtonu məsul tutaraq, ABŞ-ı neft tədarükünü təhlükəyə atan hərbi avantüralara son qoymağa çağırıb.
Körfəzdə ard-arda gəmi yanğınları
Diplomatik gərginlik fonunda Körfəz sularında gəmilərə qarşı fiziki hücumlar da qeydə alınıb. Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları (UKMTO) idarəsi Füceyrənin 7 dəniz mili şimalında bir neft tankerinə top mərmiləri ilə hücum edildiyini və nəticədə iki gəmidə yanğın başladığını duyurub.
Bundan əlavə, Dubay və Saqr limanları yaxınlığında daha iki gəmidə yanğın baş verdiyi barədə məlumatlar yayılıb. Yanğınların səbəbi hələlik rəsmən təsdiqlənməsə də, dənizçilik orqanları bölgədəki gəmilərə ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İsraildən bir qrup, hərbi əməliyyatlara rəhbərlik etmək üçün BƏƏ-yə gəldiyi bildirilir. Hətta İsrail mediasında da ara-sıra belə xəbərlər yayımlanır.