Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb.
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.
"İslamazeri.com" xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərilir.
Xatırladaq ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqon yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola düşüb. Bundan əvvəl isə yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.
Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.