İran Futbol Federasiyası yenidən FIFA-ya müraciət edərək Misirlə keçiriləcək oyunda LGBT-ni dəstəkləyən tədbirlərdən imtina etməyə çağırıb.
İslamazeri.com xəbər verir ki, İran Futbol Federasiyası FIFA-dan 2026-cı il dünya çempionatının üçüncü turunda Misirlə keçiriləcək matç zamanı LGBT-ni dəstəkləyən istənilən tədbirin qadağan edilməsini tələb edir.
“Bu hərəkatla bağlı mərasimlər və ya tədbirlər stadionda və ya oyun prosesi çərçivəsində keçirilməməlidir”, – deyə İranın tələbində qeyd edilib.
“İran Futbol Federasiyası bu məsələyə ciddi yanaşır və öz mövqeyini FIFA-ya açıq şəkildə çatdırıb.
İran və Misir dərin mədəni və dini ortaq dəyərlərə malik iki müsəlman ölkəsidir və hər iki federasiyanın ifadə etdiyi mövqe hər iki xalqın bölüşdüyü dəyərləri və inancları əks etdirir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, bu hərəkatla bağlı heç bir mərasim və ya təbliğat xarakterli tədbir stadionda və ya oyun prosesi çərçivəsində keçirilməməlidir. Bu mövqe müvafiq kanallar vasitəsilə FIFA-nın diqqətinə çatdırılıb.
Hesab edirik ki, FIFA oyunun təşkili və stadionun təqdimatı ilə bağlı məsələlərə baxarkən iştirakçı komandaların fikirlərini və narahatlıqlarını nəzərə almalıdır.
FIFA hər iki ölkənin bu ortaq mövqeyi barədə məlumatlandırılıb və gözlənilir ki, stadionda və ya rəsmi oyun prosesi çərçivəsində bununla bağlı hər hansı mərasim və ya təbliğat xarakterli tədbirin keçirilməməsi üçün zəruri addımlar atacaq”, – deyə İran milli komandasının nümayəndəsinin bəyanatında bildirilir.