Rəcəb ayının ilk cümə gecəsi leylətül-rəğaib yaxud arzular gecəsi adlanır.
İslamazeri.com: Rəcəb ayının ilk cümə axşamı gecəsi "Arzular gecəsi" adlanır; bu gecəni oyaq qalaraq, ibadətlə keçirmək tövsiyə olunur. Bu gecənin xüsusi əməl və zikrləri var. Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.
Həzrət Peyğəmbərdən (s) nəql olunur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətul-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."
"Hacətlər gecəsi"nin xüsusi namazı da var. Bu namaz haqqında deyilir: "Bu namazı qılmış şəxsin qəbrinin ilk gecəsində nurlu bir varlıq ona yaxınlaşar və "Ey mənim həbibim! Müjdə olsun sənə ki, hər bir kədərdən uzaq oldun." - deyər. Qəbir sahibi soruşar: "Sən kimsən ki, mən səndən gözəl üzlü, şirin sözlüsünü görməmişəm?!" Cavab gələr: "Mən sənin filan Rəcəb ayında qıldığın həmin namazam. Bu gecə yanına gəldim ki, haqqını əda edim və vəhşətini aradan aparım. Mən Sur üfürülən zaman sənə kölgə olacağam. Xoş halına ki, Qiyamət günü heç bir xeyir səndən uzaq olmayacaq."
Namazın qılınma qaydası belədir: "Şam və xiftən namazları arasında 2-2 olmaqla 12 rükətli namaz qılınır. Hər rükətdə "Həmd" surəsindən sonra 3 "Qədr", 12 "İxlas" surəsi oxunur. Namaz bitdikdən sonra belə deyilir: "Allahummə səlli ələ Muhəmmədinin nəbiyyil ummiy və ələ Alih". Daha sonra səcdəyə gedib: "Subbuhun quddus, rəbbul məlaikəti vər ruh" deyilir. Səcdədən qalxıb: "Rəbbiğfir vərhəm və təcavəz əmmə tələm, innəkə əntəl əliyyul əzim" deyib yenidən səcdəyə gedərək: "Subbuhun quddus, rəbbul mələikəti vər ruh"deyilir. Bu zikrlərin hər biri 70 dəfə deyilir. Daha sonra hacət istənilir.
Dualarınızda müsəlmanları və sıxıntıda olan möminləri yad etməyi unutmayın!