Jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçildi
İslamazeri.com Turan-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi Abzas Media-nın jurnalisti Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə vəkil Bəhruz Bayramov bildirib.
O, məhkəməyə əlləri arxadan qandallanaraq gətirilən qızın qeyri-insani rəftara məruz qaldığını bildirib. Məhkəmə binasında onun əli artıq öndən qandallanıb. Vəkilin etirazından sonra hakim qandalın açılmasını təmin edib.
Bununla belə, məhkəmə vəsatəti təmin etməyib və jurnalisti 2 ay 17 gün müddətinə həbs edib.
O, bu iş üzrə həbs edilmiş digər beş jurnalist və mətbuat işçisi ilə eyni maddə - CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Qasımova ittihamları təkzib edib. O, həbsinin Abzas Media-dan olan həmkarlarının həbsindən sonra jurnalist fəaliyyətinə davam etməsi, bu nəşr üçün çəkiliş etməsi ilə bağlı olduğunu bildirib.
Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci maddəsi üzrə şübhəli şəxs qismində cəlb olunub. O, Abzas Media-nın işi üzrə cəlb olunan altıncı jurnalist və mətbuat işçisi olub.