“iPhone” smartfonları üçün komponentlər Hindistanda istehsal ediləcək.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Apple” kompaniyasının tərəfdaşı, Tayvanın “Foxconn” şirkəti Hindistanın Karnataka ştatındakı Banqalor şəhərində “ıPhone” smartfonları üçün komponentlər istehsal edən zavod tikməyi qərara alıb.
“Bloomberg” agentliyi xəbər verir ki, “Foxconn” yeni zavoda 700 milyon dollarlıq sərmayə yatıracaq. Bu, kompaniyanın Hindistandakı biznesinə ən böyük kapital yatırımı olacaq və müəssisə təxminən 100 min iş yeri açmağa imkan verəcək. Zavod smartfonlar üçün komponentlərlə yanaşı, elektomobillər üçün ehtiyat hissələrinin istehsalı ilə də məşğul olacaq.
Tamiland ştatında artıq “Foxconn” kompaniyasının “iPhone” smartfonlarının yeni modellərini istehsal edən zavodu fəaliyyət göstərir. Hindistan hökuməti bu sahənin inkişafını sürətləndirmək üçün xarici elektronika istehsalçılarına bir sıra maliyyə imtiyazları təklif edir.
Qeyd edək ki, yeni zavodun inşası ABŞ texnologiya korporasiyalarının regionda yaranan geosiyasi vəziyyət və Çində pandemiya məhdudiyyətləri səbəbindən tədarük zəncirinin pozulması ilə bağlı istehsalatın qonşu ölkələrə, əsasən də Vyetnam və Hindistana keçirməsi strategiyasının bir hissəsidir.