Hicri təqvimi ilə yeddinci il, rəcəb ayının 24-də Xeybər qalası Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) vasitəsi ilə fəth olundu.
İslamazeri.com: Hicri təqvimi ilə yeddinci il, rəcəb ayının 24-də Xeybər qalası Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) vasitəsi ilə fəth olundu.
(Misbahül-mütəhəccid, s. 749; Vəqayeül-əyyam, s. 334)
Xeybər Mədinənin şimalında yerləşən, yeddi qaladan ibarət, təxminən 20 min nəfər yəhudinin yaşadığı və ərazisi 32 fərsəx olan bir məkan idi. Xeybərdə yaşayan yəhudilər müsəlmanlarla bağladıqları müqaviləyə baxmayaraq, bu bölgəni İslamın əleyhinə fəaliyyət göstərən bir mərkəzə çevirmiş, müşrikləri müsəlmanlara qarşı qaldırmış və onlara kömək etmişdilər. Buna görə də İslamın əziz Peyğəmbəri (s) İslamın əleyhinə çalışan bu sonuncu mərkəzi aradan qaldırmaq və düşmənlərin fitnəsinin kökünü kəsmək qərarına gəldi.
(Vəqayeül-əyyam, s. 335)
Peyğəmbər (s) Xeybər döyüşünə yollandıqda qalalardan biri olan Qamus qalasını mühasirəyə aldı. Bir neçə cəhd nəticəsiz qaldıqdan sonra Peyğəmbər (s) buyurdu:
“Sabah bayrağı elə bir kişiyə verəcəyəm ki, heç vaxt geri çəkilməsin. O, Allahı və Peyğəmbərini sevər, Allah və Peyğəmbəri də onu sevər. Allah Xeybəri onun əli ilə fəth edəcək.”
Səhabələrin hamısı bu məqamın kimə nəsib olacağını gözləyirdi.
Ertəsi gün Peyğəmbər (s) soruşdu:
“Əli ibn Əbu Talib haradadır?”
Dedilər: “Gözləri ağrıyır və hərəkət etməkdə çətinlik çəkir.”
Peyğəmbər (s) buyurdu:
“Onu gətirin.”
Əmirəlmöminin (ə) Peyğəmbərin (s) yanına gətirildi. Peyğəmbər (s) onun başını qucağına aldı, mübarək ağzının suyundan onun nurlu gözlərinə çəkdi və buyurdu:
“İlahi, isti və soyuğun əziyyətini onun üzərindən götür.”
O gündən sonra Əmirəlmömininin (ə) gözləri bir daha ağrımadı və isti-soyuqdan əziyyət çəkmədi. Peyğəmbər (s) öz zirehini ona geyindirdi, Zülfüqarı belinə bağladı, bayrağı ona tapşırdı və buyurdu:
“Cəbrail sağında, Mikail solunda, Əzrail önündə, İsrafil arxandadır. Allahın yardımı başının üstündədir və mənim duam sənin arxancadır. Əvvəlcə onları İslama dəvət et.”
Əmirəlmöminin (ə) Xeybər qalasına doğru hərəkət etdi. Moizə və nəsihətdən sonra yəhudilərdən bir qrup onunla döyüşmək üçün meydana çıxdı və müsəlmanlardan iki nəfəri şəhid etdilər. Əmirəlmöminin (ə) onlara tərəf hücum edərək onları öldürdü.
Bu zaman Mərhəbin qardaşı bir dəstə ilə meydana gəldi. Əmirəlmöminin (ə) onları da məğlub etdi. Ardınca şücaətli döyüşçü olan Mərhəb qardaşının intiqamını almaq üçün meydana çıxdı. Əmirəlmöminin (ə) Zülfüqarla onun başına elə bir zərbə endirdi ki, qılınc boğazından keçərək onu iki yerə böldü. Müsəlmanların təkbir səsi ucaldı.
Yəhudilərdən bir qrup müdafiə məqsədilə hücuma keçdi, lakin Əmirəlmöminin (ə) mübarizəni davam etdirərək onların bir qismini öldürdü, digərləri isə qalaya qaçdı. Həzrət öz qüdrətli Heydər əli ilə qalanın qapısını yerindən sökərək müsəlmanların xəndəkdən keçməsi üçün yol açdı. Bu qapı vasitəsilə müsəlmanları bir neçə dəfə içəri keçirdi. Halbuki, Əmirəlmöminin (ə) həmin vaxt üç gün idi ki, ac idi.
Beləliklə, Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) qüdrətli əli ilə Xeybər qalası fəth olundu.
(Əl-Müstədrək ələs-Səhihəyn, c. 3, s. 37; Kənzül-Ümmal, c. 5, s. 283)