Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani bəzi müxalif media qurumlarının Marneuli şəhərində keçirilən Aşura və Məhərrəmlik matəm mərasimlərini hədəf almasını, bu dinc ritualları terrorizmlə əlaqələndirmək cəhdlərini kəskin pisləyib.
İslamazeri.com xəbər verir ki, Gürcüstanın İsrail yönümlü mediasının jurnalistinin "Marneulidəki Aşura prosesləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti (DTX) hansı tədbirləri görür?" sualına cavab verən parlamentin xanım rəsmisi, mediada aparılan anti-islam kampaniyasını ifşa edib və dini zəmində qarşıdurma yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu bəyan edib.
"Dini nifaq salmaq istəyirsiniz, amma alınmayacaq"
Vitse-spiker Nino Tsilosani azərbaycanlı əhalinin dini hisslərini təhqir etməyə yönələn iddiaların arxasında dayanan qüvvələri sərt tənqid edərək deyib:
"Siz dini zəmində hər hansı bir qarşıdurma və ya nifaq alovlandırmaq istəyirsiniz, amma bu sizdə qətiyyən alınmayacaq. Buna görə də insanlara öz dini etiqadlarını normal şəkildə həyata keçirmək imkanı verin! Uydurduğunuz bu konspirasiya (sui-qəsd) nəzəriyyələri ilə gedib ABŞ konqresmeni Co Vilsonu da yormayın, mövzunu buralara bağlamayın. İstəyirəm ki, sakit olasınız, terrorizmlə mübarizə məsələsində Dövlət Təhlükəsizlik Xidməti çox yüksək ixtisaslı və peşəkar şəkildə iş aparır."
Tsilosani həmçinin vurğulayıb ki, Gürcüstan dövləti heç bir xarici ölkənin neqativ təsirlərinə imkan vermir və QHT sektorundakı zərərli şəbəkələrin fəaliyyəti qəbul edilən "Şəffaflıq qanunu" ilə tamamilə tənzimlənib.
Borçalının əsrlik Aşura ənənəsi və siyasi oyunlar
Xatırladaq ki, Gürcüstanın azərbaycanlı və müsəlman icmasının yığcam yaşadığı Borçalı (Kvemo Kartli) bölgəsində əsrlər boyu Məhərrəmlik və İmam Hüseyn (ə) matəmi tamamilə dinc, tolerantlıq şəraitində və ölkə qanunvericiliyinə uyğun olaraq qeyd edilir. Bu müqəddəs mərasimlər yerli şiə-müsəlman icmasının mənəvi kimliyinin ayrılmaz bir hissəsidir.
Lakin son günlər bəzi radikal müxalif trol dairələr və bəzi media orqanları xalqın dinc ibadət hüququna kölgə salmaq, möminləri qaralamaq və müsəlmanların öz ayinlərini sərbəst yerinə yetirməsinə qanuni mühit yaradan Gürcüstan hökumətini tənqid etmək üçün bu mərasimləri qərəzli şəkildə "terror təhlükəsi" kimi cəmiyyətə sırımağa çalışırlar. Dövlət rəsmisinin bu qətiyyətli duruşu isə mənəvi dəyərlərə sahib çıxan inanclı icma tərəfindən müsbət qarşılanıb.