1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
İslamazeri.com-un verdiyi xəbərə görə, Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
Həmin Qərarla bir sıra malların gömrük rüsumundan azad edilməsini təqdim edirik:
Qərara əsasən, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 2030-cu ilədək 15 faiz idxal gömrük rüsumundan azad edilir.
Azərbaycana idxal edilən tropik meyvələr, taxtadan oturma mebellər 15 faiz gömrük rüsumundan azad edilir.
Azərbaycana idxal olunan kimyəvi saplardan hazırlanmış parçalar – tərkibində 85 kütlə % və ya daha çox teksturasiya edilməmiş poliefir saplar olan boyanmış, müxtəlif rəngli və çap olunmuş parçalar, sintetik kompleks saplardan ağardılmamış və ya ağardılmış, boyanmış, müxtəlif rəngli parçalar, neylondan və ya digər poliamidlərdən və ya poliefirlərdən alınan çox möhkəm saplardan hazırlanmış digər parçalar 15 faiz gömrük rüsumundan azad edilir.
Azərbaycana idxal olunan daha 3 növ kağız və karton – sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın 1-dən 5 faiz gömrük rüsumundan azad edilir.
Qərara əsasən, tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan, tərkibində 93 kütlə % və ya daha çox silisium oksid (SiO2) olan, tərkibində 7 kütlə %-dən çox, lakin 45 kütlə %-dən az olan giltorpaq (Al2O3) olan tikinti materialları gələn il yanvarın 1-dən 31 dekabr 2030-cu ilədək 5 faiz gömrük rüsumundan azad olunur.