Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü ilə bağlı açıqlama yayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada "Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar" deyə bildirilib.
“Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - açıqlamada qeyd olunub.
Diplomatik mənbələr Moskvada ikitərəfli görüşün bir saat yarım davam etdiyini bildirib.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında Türkiyə-Ermənistan münasibətlərində yeni dövrün başladığına işarə edib.
Səfir Serdar Kılıç dekabrın 15-də Türkiyə Cümhuriyyətinin Ermənistana xüsusi nümayəndəsi təyin edilib.
Ermənistan da Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində parlament sədrinin müavini Ruben Rubinyanı xüsusi nümayəndə təyin edib.