Rəisi: İraqla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıyıq

Rəisi: İraqla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıyıq
Yayınlanma tarixi: 30.11.2022 11:03:17

İran Prezidenti İbrahim Rəisi regionun təhlükəsizliyini təhdid edən hər cür problemlə mübarizənin İran və İraq arasındakı razılaşmaların bir hissəsi və iki ölkənin ortaq iradəsi olduğunu deyib.

İslamazeri.com xəbər verir ki, İbrahim Rəisi paytaxt Tehranda səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışan Rəisi İraqla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildirib.

İraqın yerinin bölgənin sabitliyi üçün vacib olduğunu vurğulayan Rəisi bölgənin təhlükəsizliyinin bölgə ölkələri tərəfindən təmin edilməsinin vacibliyini dilə gətirib.

"Bölgədə təhlükəsizlik, sülh və sabitlik İran və İraq hökumətləri üçün çox vacibdir. Terror təşkilatları, mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və regionu təhdid edən hər cür təhdidlərə qarşı mübarizə İran və İraq arasındakı razılaşmaların bir hissəsidir və iki ölkənin ortaq iradəsi”, deyə İranın dövlət başçısı qeyd edib. 

İraqın Baş naziri Sudani isə ölkəsinin İranla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu və iqtisadi məsələlərə üstünlük verdiklərini vurğulayıb.

Sudani bildirib ki, görüş zamanı İranla təhlükəsizlik məsələlərində əməkdaşlığı da müzakirə ediblər.

Bölgənin təhlükəsizliyini təhdid edən terror, ekstremizm və narkotiklərlə mübarizədə birgə əməkdaşlıq və koordinasiyanın vacibliyini vurğuladıqlarını bildirən Sudani deyib:

"Hökumətim konstitusiyaya sadiq qalaraq İraqın İranın təhlükəsizliyini təhdid edən sahə kimi istifadəsinə icazə verməyəcək. Ölkələrlə münasibətlərimizi qarşılıqlı hörmət və daxili işlərinə qarışmamaq əsasında aparırıq".

GÜNÜN MANŞETLERİ