Bu münasibətlə bütün İslam ümmətini təbrik edirik.
İslamazeri.com xatırladır ki, Rəbiül-əvvəl ayının 12-si Vəhdət həftəsinin birinci günüdür.
Bu gündən etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir.
Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik.
Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət, birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
Qurani-Kərimə əsasən, Allah-Taala İslam Peyğəmbərini (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur:
“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”
Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur:
"Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın!"