NATO ilə Aİ arasında birgə bəyanat imzalanıb

NATO ilə Aİ arasında birgə bəyanat imzalanıb
Yayınlanma tarixi: 11.01.2023 11:48:33

NATO ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın növbəti mərhələyə çıxarılması, Rusiya və Çinə qarşı əməkdaşlığın artırılması və Ukraynaya dəstəyin davam etdirilməsi üçün birgə bəyanat imzalanıb.

İslamazeri.com xəbər verir ki, birgə bəyanatı NATO-nun Baş katibi Yens Stoltenberq, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Şarl Mişel NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında keçirilən mərasimdə imzalayıblar.

2016 və 2018-ci illərdə imzalanmış bəyannamələr əsasında hazırlanan yeni mətndə NATO-Avropa İttifaqı əməkdaşlığının ümumi dəyərlərə əsaslandığı, hazırda Avro-Atlantik regionun son illərin ən ciddi təhlükəsi ilə üz-üzə qaldığı və Rusiyanın Ukraynadakı müharibəsinin beynəlxalq hüququn pozulması mənasını daşıdığı vurğulanıb.

“Rusiyanın müharibəsi Avropada və dünyada təhlükəsizliyi və sabitliyi pozur”, -deyə bilidirilən bəyanatda Rusiyanın təcavüzkarlığı ən sərt şəkildə pislənib.
NATO və Aİ Rusiya idarəsini qoşunlarını dərhal Ukraynadan çıxarmağa çağıraraq, Ukraynaya dəstəyin davam etdiyini və bundan sonra da davam edəcəyini vurğulayıb.

Avtoritar qüvvələrin NATO və Aİ-nin maraqlarına qarşı bir sınaq yaratdığı qeyd olunan bəyanatda "Strateji rəqabətin artdığı bir dövrdə yaşayırıq. Çinin artan iddiası və siyasətləri müzakirə etməyimizin vacib olduğu sınaqlar ortaya qoyur" deyilib.
Bəyanatda Avropadakı kövrək və qeyri-sabit vəziyyətin strateji rəqiblər və terror təşkilatları üçün əlverişli zəmin hazırladığı da bildirilib.

Belə bir dövrdə ABŞ ilə əlaqələrin əhəmiyyəti vurğulanan bəyanatda NATO-nun Avro-Atlantik regionda kollektiv müdafiənin əsasını təşkil etdiyinə diqqət çəkilib və “daha güclü Avropa müdafiəsinin” əhəmiyyətinin qəbul edildiyi və bunun NATO ilə tamamlayıcı olmasının vacibliyi ifadə edilib.
“Qarşılaşdığımız təhlükəsizliklə bağlı təhdidlər və üzləşdiyimiz sınaqlar miqyası və böyüklüyü baxımından artıqca, uzunmüddətli əməkdaşlığımıza əsaslanaraq tərəfdaşlığımızı növbəti səviyyəyə qaldıracağıq”, - deyə bəyanatda bildirilib
Əməkdaşlığın artırılacağı sahələr geostrateji rəqabət, dayanıqlılıq məsələləri, kritik infrastrukturların qorunması, artan pozucu texnologiyalar, kosmos, iqlim dəyişikliyinin təhlükəsizlik effektləri, xarici müdaxilələr və informasiya manipulyasiyaları kimi ifadə olunub.

GÜNÜN MANŞETLERİ