Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib
Yayınlanma tarixi: 10.11.2022 15:21:42

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə "İslamazeri.com"a FHN-dən məlumat verilib.

Məlumata görə, əvvəlcə, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimi açıq elan olunub.

Çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin ölkəmizdə böyük qürurla qeyd edilən 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyini vurğulayıb, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə gənc əsgərləri təbrik ediblər.

Qeyd edilib ki, Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı cəmi 44 günə azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Mərasimdə çıxış edən gənc əsgər Hikmət Məmmədov əsgər yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

GÜNÜN MANŞETLERİ