Müharibələrin sərhədi, ideologiyanın sonsuzluğu

Müharibələrin sərhədi, ideologiyanın sonsuzluğu
Yayınlanma tarixi: 1/25/2026 10:00:01 AM

Hər bir insanın dəyəri onun sahib olduğu dəyərlər qədərdir...

Yəni insan hansı dəyərlər uğrunda canından keçə bilər? Ümumiyyətlə, insan hansısa dəyərlər naminə həyatını fəda etməyə hazırdırmı?

Bu mövzuda tez-tez siyasi nüanslar qabardılsa da, əslində söhbət sırf insanın daxili dünyasından və onun dəyərlərindən gedir.

Yadımdadır, ölkələrdən birində müharibə zamanı düşmən dövlətin qırıcıları hücuma keçərkən, bu tərəfin dövlət başçısı gizlənməyə çalışır, qorxudan hətta qalstukunu çeynəyirdi. Bu səhnə məni çox düşündürmüşdü. Axı necə olar ki, bir ölkənin rəhbəri bu qədər aciz və qorxu içində olsun?

Digər bir epizodda isə, bir hərbçinin dünyanın ən qəddar terrorçu qruplaşmasının əlində əsir düşməsi, lakin başını dik tutaraq edama aparılması diqqətimi çəkmişdi. Axı necə olur ki, ölümə gedən bir insanda bu qədər izzət, bu qədər ruh gücü olur?

Bu sualları özümə verdikdən sonra cavabını da tapmışdım. Yenə həmin fikrə qayıdıram:

Əgər bir insan öz ideologiyası və inandığı dəyərlər uğrunda canından keçməyə hazırdırsa, bu o deməkdir ki, o, həmin dəyərlərə sahib çıxmış, onlarla birləşmiş və məhz bu yolla dəyər qazanmışdır.

Məhz buna görə də dünya analitikləri hadisələri araşdırarkən yalnız hərbi, siyasi və sosial tərəflərlə kifayətlənmir, ideoloji amili də əsas faktor kimi nəzərə alırlar.

Bu gün dünyada müharibələr sülhü, əmin-amanlığı və hüzuru aradan aparıb. Böyük güclər çox vaxt diktələrini açıq şəkildə ifadə edir, “səni yox edərəm” təhdidi ilə xalqları itaətə məcbur etməyə çalışırlar. Bu diktələrə qarşı çıxanlar bəzən öldürülür, bəzən isə devrilir.

Lakin burada çox mühüm bir detal var. Bu “sözə qulaq asmayanlar” arasında həm şəxsi təkəbbürünə güvənənlər, həm də ideologiyasına söykənənlər mövcuddur. İnsan böyük güc qarşısında dirənərkən nəyə güvənir? Təkəbbürünəmi, yoxsa inandığı ideologiyasınamı?

Əgər insan güvəndiyi dəyərin haqq olduğuna inanırsa, onun ölümü belə ölümsüzlüyə çevrilir. Onun zahiri məğlubiyyəti belə ideoloji qələbə kimi dəyərləndirilir.

Ramin Bayramov

GÜNÜN MANŞETLERİ