2000-ci illərin sonunda o vaxt Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından bir məqalə diqqətimi çəkmişdi.
Əslində bu kitabdan çıxarılan bir məqalə idi. Hansı saytdan oxuduğumu xatırlamıram. Lakin Ramiz Mehdiyev məscidləri göbələyə bənzədirdi. Bu ifadələr “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı kitabında qeyd edilirdi. Yadıma gəlir, mən bu məqaləyə cavab da yazmışdım. Bunu yazmaqda məqsədim budur ki, kimsə düşünməsin “Ramiz yıxılıb” deyə mən bu məqaləni qələmə alıram. Əksinə Ramizin “baltasının iti” vaxtlarında mən tənqid məqaləsi yazmışdım. Düzdür ad çəkməsəm də, onun məscidi göbələyə oxşatmasını tənqid etmişdim.
2005-ci ildə çap olunan Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” kitabında işlətdiyi “Dini etiqadı ilə heç vaxt fərqlənməyən, orta məktəblərin, kitabxanaların, poliklinikaların, xəstəxanaların, sosial təyinatlı digər obyektlərin fəaliyyəti üçün normal şəraiti olmayan bölgələrdə “mesenatların” köməyi ilə məscidlər yağışdan sonra çıxan göbələklər kimi artmağa başladı.”fikri, onun vurulmasından sonra yadıma düşdü. Bu fikirlər həqiqətən ədəbi bənzətmə deyildi. Bu, bir baxışın, bir yanaşmanın, bir ideoloji mövqenin işarəsi və kimlərəsə mesajı idi.
Bu yazıda Ramiz həmçinin sovet dövrünün “elmi ateizmi”nin cəmiyyəti inandıra bilmədiyini yazırdı: “Bununla yanaşı, keçmiş kommunist hakimiyyəti illəri Azərbaycan xalqını “elmi ateizmin” düzgünlüyünə inandıra bilməmişdi.”.
Bu cümlə haqda da uzun uzadı yazmaq olar. Qısa olaraq qeyd edim ki, “düzgünlüyünə” ifadəsini Ramiz Mehdiyev dırnaqda yazmamışdı.
Bu isə onun sanki “elmi atezmi” düzgün gördüyünün ifadəsiydi. Təbii, hər kəs dindar və ya dinsiz olmasını özü seçir. Lakin, əhalisinin böyük hissəsi müsəlman olan bir ölkədə bu ifadələri işlətmək ən azı hörmətsizlik idi.
Və məncə “göbələk bənzətməsi” təsadüfi deyildi – bu, məscidlərin və dindarların artımını təbii yox, arzuolunmaz çoxalma kimi göstərən narahatlıq siqnalı idi.
Bu gün DTX-nin rəsmi açıqlama mətnində deyilir ki, Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediib. Həmin mətnin videosunda isə Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə danışdığı səs yazısı verilib. Hazırda hüquqi proses davam edir. Mediada “Boz Kardinal” kimi tanıdılan Ramiz Mehdiyevin İstintaqın nəticəsini zaman göstərəcək, məhkəmənin hansı qərar verəcəyini də inşallah görəcəyik.
Təcrübəmə əsasən deyə bilərəm ki, dinə düşmən mövqe, cəmiyyətin inancını kiçildən, onu problem kimi təqdim edən yanaşmalar ( sahibləri) uzunömürlü olmur.
* Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi.
Oxşlar tale - Kardinal Tomas Volseyin süqutu...
Ramiz Mehdiyevin niyə “boz kardinal” adlandırıldığını, kim tərəfindən bu ada “layiq” görüldüyünü deyə bilmərəm. Lakin onun taleyinə oxşar bir kardinalın aqibətinə nəzər salmanızı istəyərdim.
Kardinal Tomas Volsey (ing. Thomas Wolsey; təxminən 1473 – 29 noyabr 1530) — 1515–1529-cu illərdə İngiltərə krallığının lord-kansleri; 1514-cü ildən York arxiyepiskopu; 1515-ci ildən kardinalıydı. 1529-cu ilə qədər VIII Henrixdən sonra İngiltərənin ən qüdrətli adamı sayılırdı, ölkənin bütün xarici siyasətini və daxili siyasətin mühüm hissəsini əlində cəmləmişdi. İpsviçli bir ətçinin oğlu idi. Saray mühitindəki əlaqələri sayəsində VII Henrixin yaxın çevrəsinə daxil oldu və 1507-ci ildə onun ruhani müşaviri oldu. İki onillik ərzində sarayda nüfuz sahibi olan kardinal Vulsiy möhtəşəm sərvət qazandı.
Xarici siyasətdə Vulsiy İngiltərəni Avropanın qitə işlərində “hakim” rolunda görürdü. 1513-cü ildə Fransadakı uğurlu hərbi əməliyyatlardan sonra fransız monarxı ilə ingilis kralını barışdırmağa çalışdı və bunun üçün 1520-ci ilin iyununda “Qızıl parçalı meydan”da onların görüşünü təşkil etdi.
Həmin ildə o, kralı imperator Karl V ilə görüşə müşayiət etdi, üç il sonra isə Fransaya qarşı döyüşlərində imperatora kömək üçün ingilis cəngavərlərini göndərdi. 1528-ci ildə isə fransızların tərəfində imperatora qarşı çıxdı. Bu cür prinsipsizlik nəticədə İngiltərənin Avropada diplomatik təcridinə səbəb oldu. Həmin ildə o, Elizabet Bartonla da görüşmüşdü.
Diplomatik intriqalara o qədər aludə olmuşdu ki, İngilis kilsəsinin islahatını böyük ölçüdə məsləhətçilərinə həvalə etdi. Qitədəki hərbi əməliyyatları maliyyələşdirmək üçün bir sıra qeyri-populyar vergilər (xüsusilə Amicable Grant) tətbiq etdi və 29 monastırı bağladı.
Aşağı təbəqədən çıxmış kardinalın özbaşınalığı sadə xalq arasında olduğu kimi, zadəganlar arasında da böyük narazılıq doğurdu. Onlar kralı inandırdılar ki, Vulsiy Fransız hökumətinin təsiri altındadır. Kardinal VIII Henrixin Ketrin Araqonla nikahını pozmaq üçün Papadan icazə ala bilmədiyi üçün gözündən düşdü, titullarından məhrum edildi və həbs olundu, lakin kral ilə görüşdən əvvəl öldü...
Ramin Bayramov