Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Türkiyəni Afrikada imperialist güc olmaqda ittiham edən Fransa prezidenti Emmanuel Makrona reaksiya verib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Tvitter” hesabından açıqlama verən Ömər Çelik yazıb: “Fransa prezidenti E.Makronun Türkiyəni Afrikada “imperialist güc” deyə ittiham etməsini pisləyirik.
Bütün dünyaya məlumdur ki, Fransanın Afrikadakı müstəmləkə keçmişi afrikalılara ağrılı bədəllər vurub və hələ də vurmaqdadır. Türkiyə prezidenti R.T.Ərdoğan ortaqlığa əsaslanan bir siyasətlə Afrika ilə Türkiyənin dərin əlaqələrini inkişaf etdirir. Makron isə Afrikanı mülkiyyət sənədi kimi görən müstəmləkə zehniyyətini daşıdığı üçün bu vəziyyətdən narahatdır.
Fransa şirkətlərinin Suriyada həm DEAŞ-a, həm də PKK-ya dəstək verdikləri ortaya çıxıb. Makron türk millətindən üzr istəmək yerinə Türkiyəni “imperialist güc” adlandıraraq ittiham edir. Onun Fransanın xarici siyasətini Türkiyə əleyhinə yönəltməsi yanlışdır. Makron bu mövqeyi ilə NATO-nun üzləşdiyi problemlər qarşısında əməkdaşlıq potensialına zərər verir.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Misirdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 27-ci Konfransı öncəsi gənclərin suallarını cavablandırarkən Türkiyə, Çin və Rusiyanı “Afrikada imperialist güc” adlandırıb.