İranda rejim çökürmü? İranda etirazlar təbiidirmi? İrandakı etirazlar böyükdürmü?
Hazırda İranda təxminən 12 gündür ki, etiraz aksiyaları davam edir. Bununla paralel olaraq bəzi beynəlxalq media qurumları bu prosesləri “inqilab” kimi təqdim etməyə çalışır.
Etirazların mahiyyəti: təbii səbəblər, kənar təsirlər
İranda baş verən etirazların səbəb bazası əsasən təbiidir. Uzunmüddətli sanksiyalar, milli valyutanın dəyərdən düşməsi, qiymət artımları və sosial rifahın zəifləməsi cəmiyyətdə narazılıq yaradıb. Rəsmi Tehran da bu reallığı inkar etmir. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, iqtisadi problemlərə etiraz normaldır və hökumət bu istiqamətdə islahatlar aparmalıdır.
Lakin rəsmi mövqedə mühüm bir ayırd etmə var:
-
Dinc etirazlar – təbii və legitim,
-
İğtişaşlar, zorakılıq və qanuna tabe olmamaq – qeyri-təbii və yönləndirilmiş hesab edilir.
Bu nöqtədən sonra prosesin ikinci mərhələsi başlayır: istiqamətləndirmə və informasiya manipulyasiyası.
“İnqilab” narrativi və informasiya müharibəsi
Qərb mediasının, xüsusilə ABŞ və İsrailə yaxın informasiya mərkəzlərinin İrandakı etirazları “rejimin süqutu” və ya “inqilabın başlanğıcı” kimi təqdim etməsi təsadüfi deyil. Bu yanaşma hərbi deyil, daha çox psixoloji təzyiq və informasiya müharibəsi strategiyasının tərkib hissəsidir.
Məntiq sadədir:
-
Əgər bir ölkədə məhdud sayda insan etiraza çıxırsa,
-
və bu proses beynəlxalq mediada “rejim sarsılır” başlıqları ilə təqdim olunursa,
-
bu, ölkə daxilində qərarsız kütlənin, təhlükəsizlik strukturlarının və bürokratiyanın ruhdan salınmasına hesablanır.
Qərb mediası bu yolla “arzu ediləni reallıq kimi” təqdim edir:
bir tərəfdən İran daxilində xaos və ümidsizlik yaratmaq, digər tərəfdən isə öz ictimaiyyətinə “rejim çökür” mesajını ötürmək məqsədi güdür.
Selektiv yanaşma: niyə ABŞ-dakı etirazlar görünmür?
Bu kontekstdə diqqət çəkən mühüm məqam ikili standartlardır.
Məsələn, 7 yanvar 2026-cı ildə ABŞ-ın Minneapolis şəhərinin cənubunda, Corc Floydun öldürüldüyü əraziyə yaxın bir məkanda 37 yaşlı qadının ICE (immiqrasiya polisi) əməkdaşları tərəfindən öldürülməsi geniş etirazlara səbəb olub. Etirazlar əvvəlcə Minneapolisdə, daha sonra digər şəhərlərdə yayılıb.
Lakin bu hadisələr:
-
nə “rejim böhranı”,
-
nə “dövlət zorakılığı”,
-
nə də “sistemli çöküş” kimi təqdim olunur.
Əksinə, beynəlxalq mediada bu proseslər ya kiçildilir, ya da ümumiyyətlə diqqətdən kənarda saxlanılır. Bu da göstərir ki, media marağı hadisənin miqyasından deyil, sifarişçinin faydasından asılıdır.
Bir çox ölkələrdə fəaliyyət göstərən media qurumlarının Qərb maliyyəsi ilə işləməsi isə informasiya siyasətinin niyə bu qədər selektiv olduğunu izah edir. Bu halda jurnalistikanın əsas prinsipi olan tərəfsizlik, çox vaxt “sifarişçinin maraqları” qarşısında arxa plana keçir.
İranda hazırkı vəziyyət: əsas faktorlar
Hazırda İranda müşahidə olunan prosesləri bir neçə maddədə ümumiləşdirmək olar
1) İqtisadi amil; Qiymət artımı, milli valyutanın devalvasiyası və sanksiyaların təsiri ilə bağlı real sosial narazılıq mövcuddur.
2) Fürsətçilik faktoru; Bu etirazlardan istifadə edərək prosesi kütləviləşdirmək və radikallaşdırmaq istəyən daxili və xarici əlaqəli qruplar var.
3) Zorakılığın məqsədi; Ölənlərin olması müəyyən qrupların maraqlarına xidmət edir. Çünki bu, beynəlxalq təzyiqi artırmaq, sanksiyaları və mümkün müdaxiləni legitimləşdirmək üçün istifadə olunan əsas arqumentdir. Xüsusilə ABŞ-ın (o cümlədən Tramp xəttinin) təhdidkar ritorikası bu dairələr üçün stimul rolunu oynayır.
4) Dövlətin yanaşması; İran hakimiyyəti etirazçı ilə iğtişaşçını ayırmağa çalışır. Məqsəd həm daxili sabitliyi qorumaq, həm də xarici əlaqəli şəbəkələri deşifrə etməkdir.
Bu proseslər İrana necə təsir göstərə bilər?
1) İqtisadi və təhlükəsizlik riskləri; Uzanan iğtişaşlar həm iqtisadi aktivliyə, həm investisiya mühitinə, həm də daxili təhlükəsizliyə mənfi təsir göstərir.
2)Xarici müdaxilə riski; Birbaşa və ya dolayı xarici hərbi müdaxilə region üçün daha böyük və nəzarətdən çıxan problemlər yarada bilər.
3) Regional sabitliyə təsir; İran kimi regional təsiri olan ölkə üçün uzunmüddətli qeyri-sabitlik Yaxın Şərq və Cənubi Qafqaz da daxil olmaqla geniş coğrafiyada yeni gərginlik ocaqları yarada bilər.
Pəhləvi...
İranda baş verən etirazlar fonunda diqqət çəkən və ciddi suallar yaradan bir sıra ziddiyyətli davranışlar da müşahidə olunur. Bu məqamlar etirazların hansı mərhələdə və kimlərin təsiri altında yönləndirildiyi barədə şübhələri artırır.
Belə ki, bəzi aksiyalarda bir tərəfdən “diktatora lənət” şüarları səsləndirilir, digər tərəfdən isə İranda 1979-cu il inqilabı ilə devrilmiş monarxiyanın nümayəndəsi – şahın oğlu Rza Pəhləvinin hakimiyyətə gətirilməsi tələbi irəli sürülür. Bu isə obyektiv baxımdan ideoloji paradoks yaradır. İrandakı sistemə qarşı olduqlarını iddia edən qrupların, tarixi olaraq daha sərt və qeyri-demokratik sistemlə assosiasiya olunan monarxiyanı alternativ kimi təqdim etməsi məntiqi ziddiyyət təşkil edir.
Və sonda bu suala cavab verməyə çalışaq; etirazlar böyükdürmü?
İranda baş verən hazırkı etirazları “rejimin sonu” kimi təqdim edən yanaşmalar, ölkənin yaxın tarixini nəzərə almır. Halbuki İran İslam Respublikası qurulduğu gündən bəri mövcud etirazlardan qat-qat böyük və daha təhlükəli dalğalarla üzləşib, lakin sistem çökməyib. Mövcud və əvvəlki etiraz dalğalarının təhlili göstərir ki, İranda sosial narazılıqlar real və davamlı olsa da, bu prosesləri avtomatik olaraq “inqilab” və ya “sistemin çökməsi” kimi qiymətləndirmək hələ çox tezdir. Və qarşı tərəf hələ öz tərəfdarlarına "meydanlara gəlin" çağırışı da etməyib...
İslamazeri.com