İran XİN: Avropa öz ayağına güllə atır

İran XİN: Avropa öz ayağına güllə atır
Yayınlanma tarixi: 19.01.2023 16:02:20

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqı (Aİ) Parlamentinin İran İnqilabı Keşikçiləri Korpusunun “terrorçular” siyahısına daxil edilməsini tələb edən qanun layihəsini “Avropanın öz ayağına güllə atması” kimi qiymətləndirib.

İslamazeri.com xəbər verir ki, Abdullahiyan və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell arasında telefonla danışığı olub. 

Aİ Parlamentinin İran İnqilabı Keşikçiləri Korpusunun “terrorçular” siyahısına daxil edilməsi üçün hazırladığı qanun layihəsini tənqid edən Abdullahiyan “Təəssüf ki, bu gün Avropa Parlamentinin siyasi rasionallığa və nəzakətə zidd olan, emosional və qeyri-peşəkar bir qətnamə layihəsini təqdim etdiyini gördük", deyə bildirib.

İnqilab Keşikçiləri Korpusunu “İranın milli təhlükəsizliyi, həmçinin regional təhlükəsizlik üçün, xüsusilə də terrorla mübarizədə mühüm və həyati rol oynayan rəsmi və suveren bir qurum” olaraq adlandıran Abdullahiyan “Avropa Parlamentinin təhlükəziliyi təmin edən belə bir qurumu terrorla  ittiham etməsini Avropanın öz ayağına atəş açması” kimi qiymətləndirib.  Abdullahiyan qeyd edib ki, qanun layihəsi qəbul olunarsa, onlar da buna oxşar şəkildə cavab verəcəklər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentində hazırlanan qanun layihəsi barədə danışarkən bildirib ki, "Avropa Parlamenti tamamilə müstəqil bir qurum olsa da, bu qərar icra qabiliyyətinə malik deyil və yalnız Avropanın narahatlığını əks etdirir". 

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen İnqilab Keşikçiləri Korpusunun “terrorçular” siyahısına əlavə edilməsini dəstəklədiyini və İrana qarşı yeni sanksiyaların nəzərdə tutulduğunu bildirib. Aİ Parlamenti də bu istiqamətdə qanun layihəsi hazırlayıb.

GÜNÜN MANŞETLERİ