İran raketlərinin təsirindən İsraildə hələ də bəzi insanlar evsizdirlər

İran raketlərinin təsirindən İsraildə hələ də bəzi insanlar evsizdirlər
Yayınlanma tarixi: 1/3/2026 1:00:01 PM

İranla baş vermiş 12 günlük hərbi qarşıdurmanın ağır fəsadları İsrail cəmiyyətində dərin izlər buraxmağa davam edir.

İslamazeri.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat dərc edib.

Qeyd edilir ki, iyun ayında baş vermiş döyüşlərdən sonra Vergi İdarəsinin 56 mindən çox kompensasiya iddiası ilə üzləşməsi və milyardlarla şekel vəsaitin ödənilməsi zərərin miqyasını göstərsə də, minlərlə vətəndaş hələ də xarabalıqlar arasında yaşayır.

Xüsusilə Hayfa, Tel-Əviv və Rişon-le-Sion kimi şəhərlərdə evləri tamamilə məhv olmuş və ya qəzalı vəziyyətə düşmüş sakinlər, qurumların bərpa prosesindəki ləngliyindən və artan bürokratik maneələrdən şikayətçidirlər.

Statistik rəqəmlər bəzi iddiaların sürətlə həll edildiyini göstərsə də, reallıqda minlərlə insan "öz ölkəsində qaçqın" statusuna düşərək müvəqqəti sığınacaqlara məhkum edilib.

Bu sosial gərginlik fonunda Baş nazir Binyamin Netanyahuya qarşı tənqidlərin dozası kəskin şəkildə artıb. Müxalifət və bir çox ictimai fəal iddia edir ki, hökumət daxili problemləri həll etmək əvəzinə, diqqəti yenidən İran təhlükəsinə yönəltməklə öz siyasi ömrünü uzatmağa çalışır.

Xüsusilə Netanyahunun şəxsi məhkəmə proseslərinin davam etdiyi bir vaxtda, onun "təhlükəsizlik" bəhanəsi ilə ölkəni yeni bir hərbi eskalasiyaya sürükləmə ehtimalı ciddi müzakirə mövzusuna çevrilib. Tənqidçilər hesab edirlər ki, baş nazir öz hüquqi məsuliyyətindən yayınmaq və cəmiyyəti xarici düşmən qorxusu ilə birləşdirmək üçün İranla yeni bir "rəund"a başlamaqda maraqlı ola bilər.

Sakinlərin təhlükəsiz sığınacaqları olmayan köhnə binalarda yaşamağa məcbur edilməsi və qurumların  belə hələ də bərpa olunmaması, hökumətin prioritetlərinin ciddi şəkildə sorğulanmasına yol açır. Ordu rəhbərliyi hələlik mülki müdafiə təlimatlarında dəyişiklik olmadığını desə də, siyasi arenada "səhv hesablama" (miscalculation) nəticəsində hər an yeni bir müharibənin başlaya biləcəyi qorxusu hökm sürür. Vətəndaşlar isə keçmiş müharibənin yaraları hələ sağalmadan, rejimin onları növbəti bir qeyri-müəyyənliyə atmasından dərin narahatlıq duyurlar.

Qeyd edək ki, İsrail rejimi hələ də, İranla 12 günlük müharibə zamanı verdiyi itkilər barədə açıqlama verməyib və müstəqil araşdırmalara qapıları bağlı saxlayır.

GÜNÜN MANŞETLERİ