Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Yayınlanma tarixi: 7.11.2022 17:33:42

Aksiya iştirakçıları əllərində Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə qarşı yazılar tutaraq ölkəmizi dəstəkləyən şüarlar səsləndiriblər.

İslamazeri.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, Fransa Senatının altı üzvü tərəfindən irəli sürülən, Azərbaycana qarşı qərəzli ittihamların yer aldığı, eləcə də Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə etiraz olaraq Türkiyənin Ankara şəhərində etiraz aksiyası keçirilib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunan aksiya iştirakçıları əllərində Türkiyə və Azərbaycanın dövlət bayraqları, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən fotoplakatlar, Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə qarşı yazılar tutaraq ölkəmizi dəstəkləyən şüarlar səsləndiriblər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF-in rəhbəri professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.
Etirazçılar adından səfirliyə etiraz bəyanatı təqdim olunub.
Aksiya Türkiyədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənib.

GÜNÜN MANŞETLERİ