Dövlət Yanğın Nəzarəti Xidmətində hesabat yığıncağı keçirilib

Dövlət Yanğın Nəzarəti Xidmətində hesabat yığıncağı keçirilib
Yayınlanma tarixi: 19.01.2023 15:09:02

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2022-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, iclası giriş sözü ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov açıb. O, 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilməsini xatırladaraq bildirib ki, Ümummilli Lider öz xalqını mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxaraq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Təsadüfi deyildir ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.

Xidmət rəisi vurğulayıb ki, Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı kimi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımıza və dövlətimizə tarixi Zəfər gününü bəxş edib.

Çıxışına davam edən H.Abbasov Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin ötən ilki fəaliyyəti haqqında ətraflı danışıb. O, hesabat yığıncağında bildirib ki, Xidmətin əməkdaşları 2022-ci il ərzində fəaliyyətlərini ötən illərdə olduğu kimi Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərinin, Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil ediblər. Hesabat dövründə, həmçinin vətəndaşların həyat və sağlamlığının, ölkənin milli sərvətlərinin yanğından qorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayış sahələrində yanğın təhlükəsizliyinin еtibarlı təmin еdilməsi məqsədilə çoxsaylı qabaqlayıcı profilaktik tədbirlərin hazırlanıb həyata keçirilməsinə nail olunub.

Bildirilib ki, 2022-ci il ərzində Xidmət üzərinə düşən vəzifələrinin icrasını uğurla həyata keçirib. Bu çərçivədə, DYNX-nın təşəbbüsü və ciddi səyləri nəticəsində ölkə ərazisində aparılan qanunsuz tikintilərlə böyük miqyaslı mübarizə tədbirləri həyata keçirilib və bu iş hazırda da davam etməkdədir. Nəticədə, ilk növbədə yolların, keçidlərin daraldılmasına, yanğın texnikasının hərəkətinin məhdudlaşdırılmasına səbəb olan, tikinti sıxlığı meyarları nəzərə alınmadan şəhərsalma tələblərinin prinsipləri gözlənilmədən, layihədən kənar əlavə artırmalara yol verən, digər əlaqəli pozuntulara yol açan, norma tələblərindən kənar tikililərin inşasının qarşısı alınaraq sökülməsinə nail olunub və cari ilin ilk günlərindən bu işlər davam etdirilməkdədir. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu fəaliyyət istiqaməti bu il də prioritet olaraq qalacaqdır.

Yanğın təhlükəsizliyi sahəsində təbliğat və maarifləndirmə sahəsinə də ötən il ərzində geniş yer verilib. Belə ki, kütləvi informasiya vasitələrində, habelə sosial şəbəkələrdə maarifləndirmə mövzulu çıxış və müsahibələrin həyata keçirilməsi, ali, orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında və digər təşkilatlarda təbliğat xarakterli işlər il ərzində diqqət mərkəzində saxlanılıb. Bu il ərzində isə xüsusilə işğaldan azad edilmiş ərazilərdə yanğına qarşı təbliğat, maarifləndirmə tədbirləri prioritet istiqamət olacaq.

Sonda qeyd olunub ki, 2023-cü ildə Xidmətin şəxsi heyəti qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bundan sonra da əzmlə çalışacaq.

GÜNÜN MANŞETLERİ