“İl yarım bundan qabaq İcbari Tibbi Sığorta Fondunu tənqid edən deputat mən olmuşam”.
İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, insanların 80-90%-i bu gün bu Fonddan razıdır: “İclas başlayandan mənə bir neçə həkim məlumat göndərib. Bu müraciətlər TƏBİB-ə aiddir. Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. İkincisi, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır”.