Ukraynanın Xerson bölgəsindən təxliyə olunan ahıska türkləri Türkiyə ərazisinə çatıblar.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın Xerson şəhərində yaşayan ahıska türklərindən 88-i Gürcüstanın Sarp sərhəd qapısından Türkiyəyə gəlib.
Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyənin Rusiyadakı Səfirliyinin birgə fəaliyyəti nəticəsində Xersondan çıxan 84 ahıska türkü Rusiyanı tərk edərək Gürcüstana gəlib. Yolda onlara Rusiyadan daha 4 ahıskalı qatılıb və onların sayı 88-ə yüksəlib.
Gürcüstandan yola düşdükdən sonra Sarp sərhəd qapısında ahiska türkləri Hopa rayon icra hakimi, Sarp Mülki İnzibati İdarə məsulu Gürkan Üçüncü, Gömrük və Xarici Ticarət Regional müdiri Rəcəb Bilgin və Artvin rayon Miqrasiya idarəsinin müdiri Emre Canpolat tərəfindən gül-çiçək və Türkiyə bayraqları ilə qarşılanıb.
Ahıska türklərinin quru yolu ilə Elazığa köçmələri gözlənilir.
Qeyd edək ki, əksəriyyəti uşaq və yaşlıların olduğu 88 ahıska türkü Rusiyadan Türkiyəyə gəlmək üçün oktyabrın 31-də Xersondan yola düşüblər.