İslamazeri.com-un "Din" rubrikasından...
İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq».
Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Quran ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq.
Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir». (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur).