Sərnişin avtobuslarında gedişhaqqı artır?

Sərnişin avtobuslarında gedişhaqqı artır?
Yayınlanma tarixi: 15.05.2023 11:22:16

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb.

İslamazeri.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda gediş haqqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

"Bu məsələ hazırda müzakirə mövzusu deyil", - deyə o bildirib.

Xatırladaq ki, Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minib.

GÜNÜN MANŞETLERİ