Bu barədə FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, növbəti nəzarət tədbirləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları ilə birgə keçirilib.
Tədbir “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının mühafizəsi sahəsində nəzarətin gücləndirilməsinə dair 2022-2024-cü illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədilə təşkil olunub.
Nəzarət tədbirləri zamanı kiçikhəcmli gəmilərin və gəmi istifadəçilərinin zəruri qeydiyyat və texniki sənədlərinin, sürücülük vəsiqələrinin və etibarnamələrinin mövcudluğu, gəmilərin və mühərriklərin, yüklərin və şəxsi heyətin, xilasedici və təchizat avadanlıqlarının qeydiyyat və texniki sənədlərə uyğunluğu yoxlanılıb.
Nəzarət tədbirləri 282 kiçikhəcmli gəmini əhatə edib. Tədbirlər zamanı qeydiyyat və təhlükəsiz istismar qaydalarının tələblərinə cavab verməyən 32 su nəqliyyat vasitəsinin sulara çıxışına icazə verilməyib. Qayda pozuntularına yol vermiş 15 gəmi istifadəçisi barəsində isə inzibati protokol tərtib edilib.