Ağ Ev bu gün İrana qarşı hərbi əməliyyatların xərclərini ətraflı izah edən rəsmi açıqlama yaydı.
İslamazeri.com xəbər verir ki, Ağ Ev İqtisadi Şurasının direktoru Kevin Hassett əməliyyatın 16-cı gününə qədər təxminən 12 milyard dollar xərcləndiyini təsdiqləyib.
Jurnalistlərlə görüşən Hassett, Hərbi Nazirliyinin əməliyyatları davam etdirmək üçün artıq kifayət qədər vəsaitə malik olduğunu bildirib.
Hassett, sursat ehtiyatlarının və mövcud vəsaitlərin müharibəni davam etdirmək üçün kifayət olduğunu və hazırda Konqresdən əlavə maliyyələşdirmə tələb etməyə ehtiyac duymadıqlarını iddia etdi.
Vaşinqtonun üzləşdiyi iqtisadi risklərə toxunan Hassett, bu mərhələdə ən vacib məsələnin enerji qiymətlərindəki dəyişkənlik olduğunu və bazar vəziyyətinin yaxından izlənildiyini vurğulayıb.
Hassett, benzin qiymətlərinin artımının "müvəqqəti şok" olduğunu və Hörmüz boğazındakı blokadaya baxmayaraq, fyuçers neft bazarlarının qiymətlərin sürətlə (60 dollardan və ya hətta 50 dollardan aşağı) düşəcəyini göstərdiyini iddia etdi.
Qlobal iqtisadi sabitliyin idarə olunması və təşkili üçün ABŞ-ın məsuliyyətini vurğulayan Hassett, bu prosesi tez bir zamanda başa çatdıracaqlarını bildirib.
Hassett Pentaqonun əməliyyatın başa çatması üçün ümumilikdə 4-6 həftə gözlədiyini və hazırkı irəliləyişin "qrafikdən qabaqda" olduğunu söyləyib.
Lakin daha sonra o, bildirib ki, dəqiq başa çatma tarixi Prezident Trampın qərarından asılıdır.
"New York Times" və "The Guardian" qəzetlərinin Pentaqon mənbələrinə istinadən verdiyi məlumata görə, 12 milyard dollarlıq hesabın əsas hissəsi sursata gedir.
Təkcə əməliyyatın ilk iki günündə sursata 5,6 milyard dollar xərclənib.
Hər biri təxminən 800.000 dollara başa gələn AGM-154 partlayıcı bombalarının ehtiyatları sürətlə tükənir.
Xərcləri azaltmaq üçün Pentaqon hər biri "cəmi" 38.000 dollara başa gələn JDAM (Birbaşa Hücum Sursatları) dəstlərinə keçməyə başlayıb.