Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir

Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
Yayınlanma tarixi: 7.12.2022 12:37:59

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.

İslamazeri.com xəbər verir ki, ilk olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, təqdim edilən qanun layihəsi FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb:

“Bu qanun layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycanının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir”.

Z.Əsgərov bildirib ki, qanun layihəsinin ümumi müddəalarında əsas anlayışların mənaları, bu qanunun Azərbaycanın yurisdiksiyasında və ondan kənarda həyata keçirilməsi qaydaları, habelə bu qanunun tələblərinin qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunma halları müəyyən edilir.

Qanun layihəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlərin aşağıdakı istiqamətləri müəyyən edilir:

1.Müştəri uyğunluğu tədbirləri;
2.Üçüncü şəxslərə güvənmə;
3.Məlumat və sənədlərin saxlanılması öhdəliyi;
4.Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar;
5.Yeni texnologiyalar;
6.Yüksək riskli zonalar;
7.Daxili nəzarət proqramı.

Qanun layihəsinə uyğun olaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər aşağıdakı monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edir:

1.Minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin nağd və ya elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər;

2.Qanun layihəsinin 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər;

3.Məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq bu Qanun layihəsinin 11.3-cü maddəsində nəzərdə tutulan əməliyyatlar barədə məlumat və sənədlər.

Öhdəlik daşıyan şəxslərin, habelə auditor xidməti göstərən şəxslərin yuxarıda qeyd edilənlərin maliyyə monitorinqi orqanına təqdim etməsi ilə bağlı prosedur qaydalar da bu Qanun layihəsinin 11-ci maddəsi ilə tənzimlənir.

Qanun layihəsinin 4-cü fəslində maliyyə monitorinqi orqanının səlahiyyətləri, nəzarət orqanları və nəzarət tədbirləri, 5-ci fəslində ölkədaxili və beynəlxalq əməkdaşlıq, 6-ci fəslində isə yekun müddəalar müəyyən edilir.

Yekun müddəalarda məsuliyyətdən azadolma, qanunun pozulmasına görə məsuliyyət və keçid müddəalar müəyyən edilir.

Keçid müddəalara əsasən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlərin maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilməsi barədə tələbi müəyyən edən müddəanın (maddə 11.1.2.) həmin əməliyyatlara dair maliyyə monitorinqi orqanı tərəfindən məbləğin minimum həddi müəyyənləşdirildikdən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Qeyd edilən müddəa istisna olmaqla, bu Qanun layihəsinin digər maddələrinin isə 2023-cü il fevralın 1-dən qüvvəyə minməsi təklif edilir.

İclasda həmçinin, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. 
Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.

Qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

Layihənin əsas müddəaları aşağıdakılardır:

1. HMS terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə görə tətbiq oluna bilər.
2. HMS fiziki şəxslərə və qurumlara qarşı tətbiq oluna bilər. Qurumların dairəsi qanun layihəsinin 1.1.4-ü maddəsində göstərilir.
3. HMS tədbirlərinin tətbiqi üçün əsas BMT TŞ-nin müvafiq qətnamələridir.
4. HMS cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmir və önləyici xarakter daşıyır.
5. HMS tədbirləri aşağıdakı formalarda icra edilir:
- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlərinin təxirəsalınmadan donduruması;
- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan olunması.
6. Aktivlərin dairəsi qanun layihəsinin 1.1.5-ci maddəsində, iqtisadi resursların dairəsi isə 1.1.10-cu maddəsində göstərilir.
7. Aktivlər terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulur.
8. Sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar beynəlxalq siyahılara BMT TŞ-nin müvafiq sanksiya komitələri tərəfindən, ölkədaxili siyahıya isə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edilir. Bu siyahıların formalaşdırılması qaydası, o cümlədən onlara daxil edilmə və çıxarılmaya dair müddəalar qanun layihəsinin 3-cü və 4-cü fəslində ətraflı şəkildə nəzərdə tutulur.
9. Beynəlxalq və ölkədaxili siyahılar HMS dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və sanksiya tətbiq edilmiş fiziki şəxslərə və qurumlara xəbərdarlıq etmədən aktivlər dondurulmalıdır.

Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

GÜNÜN MANŞETLERİ