Məscidül-Həram və Məscidun-Nəbi rəhbərliyi əlillər üçün 8 xüsusi girişin ayrıldığını, həmçinin əlil arabası ilə olan əlillərin hərəkətini asanlaşdırmaq üçün xüsusi pandusların və maili səthlərin yaradılmasını elan edib.
İslamazeri.com xəbər verir ki, açıqlanan elana əsasən, 68, 74, 79, 84, 89, 90, 93, 94 nömrəli giriş qapıları əlillər üçün ayrılıb. Bundan əlavə, əlil arabası ilə olan əlillərin hərəkətini asanlaşdırmaq üçün bu girişlərdə panduslar və maili səthlər yaradılıb.
Bunlardan əlavə olaraq, əlilliyi olan şəxslərin hərəkətini asanlaşdırmaq üçün xüsusi işarəli yol nişanları, xüsusi marşrutlar və əlilliyi olan şəxslərə xidmətlərin göstərildiyi yerləri nümayiş etdirən lövhələr quraşdırılıb.
Məscidül-Həram və Məscidül-Nəbi administrasiyasının rəhbəri Əbdür-Rəhman Əs-Sədis Məscidül-Harama səfəri zamanı mövcud vəziyyət və göstərilən xidmətlər barədə məlumat verib. O, Allah evinin zəvvarlarına çoxdilli tərcümə xidmətlərinin göstəriləcəyini vurğulayıb.
Bu arada, Ətraf Mühitin Mühafizəsi və Yoluxucu Xəstəliklərə Nəzarət Departamenti Məscidün-Nəbi administrasiyasının bir hissəsi olaraq, Məscidün-Nəbi və onun həyətlərini mikroblardan və çirkləndiricilərdən təmiz və təhlükəsiz mühitə çevirmək üçün fəaliyyətini gücləndirdiyini bildirdi.
Bu idarənin dərc etdiyi elan əsasında mikrobları və patogenləri aşkar etmək üçün ən müasir və qabaqcıl cihazlar təmin edilib. Həmçinin Məscidün-Nəbidə havanın keyfiyyətinə nəzarət etmək üçün stansiya yaradılıb. Bu avadanlıq Məscidün-Nəbinin həyətlərində xəstəlik yaradan amilləri, eləcə də ətraf mühiti çirkləndiriciləri aşkar etməyə qadirdir. Təmizləmə əməliyyatları gecə-gündüz davam edir.