Kamil möminin sahib olduğu 4 xüsusiyyət

Kamil möminin sahib olduğu 4 xüsusiyyət
Yayınlanma tarixi: 9.02.2023 18:01:18

İslamazeri.com-un "Din" rubrikasından...

Gözəl əxlaq elə bir nemətdir ki, dünyadakı heç bir neməti onunla müqayisə etmək olmaz. Hədislərin birində oxuyuruq: “Qiyamət günü insanın əməl tərəzisində heç bir həqiqət, gözəl əxlaqdan ağır ola bilməz”. (Tebyan)

İnsanın əgər imanı çox və güclü olarsa, ancaq əxlaqı gözəl olmazsa, imanı ona fayda verməmişdir deməkdir. Ona görə də möminlər iman cəhətdən bir-biri ilə bərabər deyildirlər. Bəzilərinin imanı zəifdir, bəzilərinin güclü və bəzilərinin də orta həddədir. Bəzilərinin isə imanı kamildir və hər bir o biri dəstədən daha üstündür. Bu, o insanlardır ki, əxlaq cəhətdən ən gözəl sifətlərə malikdirlər. Yaxşı insanların bütün cəhətləri onlarda cəm olmuşdur. İlahi peyğəmbərlər (ə) və məsum İmamlarımız (ə) buna aydın nümunədirlər.

İmam Baqir (ə) buyurur: “İman cəhətdən ən kamil mömin - əxlaq cəhətdən ən yaxşı olanlarıdır”. Məlum olur ki, gözəl əxlaq olmadan insan varlığında olan iman naqis qalar. Əxlaq insanı kamala çatdırar.

Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, gözəl əxlaq insanın zinəti olduğu kimi həm də günahlarını yuyar, Allahın rəhmətini özünə cəlb edər. İmam Sadiq (ə) buyurur: “Dörd sifət vardır ki, əgər kimdəsə olsa, imanı kamil olar. Baxmayaraq ki, başdan-ayağa günahı olsa belə, bu günahlar ondan bir şey azaltmaz. Həmin dörd şey: sadiq olmaq, əmanətdarlıq, həya və gözəl əxlaqdır”.

İmam Səccad (ə) buyurur: “Dörd şey vardır ki, əgər kimdə olsa, imanı kamil olar. Günahları əməl dəftərindən pak olar, Allahla o halda görüşər ki, ondan razı olar. O kəs ki, insanların xeyirinə olan müsbət işi öhdəsinə götürərsə Allah üçün ona vəfa etsin, dili insanlarla düz danışsın, Allah dərgahında və insanlar qarşısında hər bir qəbahətli işdən həya etsin, ailəsi ilə əxlaqı gözəl olsun”.

İmamın (ə) bu nurani sözləri Quranın bu ayəsini xatırladır: “Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22).

Hər bir möminin arzusu budur ki, Qiyamət günü Peyğəmbərə (s) ən yaxın insanlardan olsun. Həzrət (s) bu haqda buyurur: “Qiyamət günü sizlərin mənə məqam baxımından ən yaxın olanınız - əxlaq cəhətdən ən üstün olanınız və ailəsinə ən yaxşı olanınızdır”.

GÜNÜN MANŞETLERİ