Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.
İslamazeri.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yayılan bəyanatda deyilir:
“Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına xalqımızın ehtiramı daimidir.
Dövlət müstəqilliyi hər bir xalqın qürur mənbəyi, şərəf tarixidir. 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını sərt ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı açıq ittiham məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider, habelə dini rəhbərin qətiyyətli mövqeyi xalqı, heç şübhəsiz, daha artıq səfərbər etdi. Bir milyondan artıq insan hərbi rejimin qəddarlığına sinə gərərək, təqiblərdən, ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini milli adət-ənənələrimizə uyğun şəkildə müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, bizi müstəqilliyə aparan yolun əsasını qoyan 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin milli mücadilə tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi, bu şərəfli yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi olaraq həkk olundu.
Erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin – Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu., müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyi ilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.
Multikultural Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar. Azərbaycanın tarixi dini mərkəzi – Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir!
Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, bütün Vətən şəhidlərinin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! Amin!”
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.