Ayətullah Müctəba Xameneinin ilk müraciəti yayımlandı

Ayətullah Müctəba Xameneinin ilk müraciəti yayımlandı
Yayınlanma tarixi: 3/12/2026 8:02:43 PM

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneyinin ilk müraciəti yayımlanıb

İslamazeri.com xəbər verir ki,  İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneyinin ilk müraciətin mətni aşağıdakı kimidir:

"Bismillahir-Rəhmanir-Rəhim

"Biz hər hansı bir ayəni (hökmü) ləğv ediriksə və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk." (Bəqərə, 106)

"Salam olsun sənə, ey Allahın dəvətçisi və ayələrinin rəbbanisi! Salam olsun sənə, ey Allahın qapısı və dininin hakimi! Salam olsun sənə, ey Allahın xəlifəsi və haqqının köməkçisi! Salam olsun sənə, ey Allahın hüccəti və iradəsinin dəlili! Salam olsun sənə, ey (gəlişi) öndə olan və arzulanan! Salam olsun sənə ən kamil salamlarla! Salam olsun sənə, ey mövlam, ey Sahibəz-Zaman!"

Sözümün əvvəlində, İnqilabın uca məqamlı rəhbəri, əziz və hikmətli Xameneyinin can yandıran şəhadəti münasibətilə Mövlamıza (ə.f) başsağlığı verirəm. O Həzrətdən böyük İran millətinin hər bir fərdi, dünya müsəlmanları, İslamın və İnqilabın xidmətçiləri, fədailər, İslam hərəkatının və xüsusilə son müharibənin şəhidlərinin ailələri, eləcə də bu aciz bəndə üçün xeyir-dua diləyirəm.

Müraciətimin ikinci hissəsi böyük İran millətinədir. Əvvəlcə Möhtərəm Ekspertlər Şurasının (Məclis-i Xobreqan) səsverməsi barədə öz mövqeyimi qısaca bəyan etməliyəm. Mən, sizin bu xidmətçiniz Seyid Müctəba Hüseyni Xameneyi, Ekspertlər Şurasının səsverməsinin nəticəsindən sizinlə eyni vaxtda, televiziya vasitəsilə xəbər tutdum. Mənim üçün iki böyük rəhbərin – böyük Xomeyninin və şəhid Xameneyinin əyləşdiyi yerdə oturmaq olduqca çətindir. Çünki bu kürsüdə elə bir şəxs əyləşmişdi ki, 60 ildən çox Allah yolunda mücahidətdən, hər cür ləzzət və rahatlıqdan keçdikdən sonra nəinki indiki dövrün, bəlkə də bu ölkənin bütün tarixinin parlaq gövhərinə və mümtaz simasına çevrilmişdi. Onun həm həyatı, həm də ölümü haqqa söykənməkdən doğan bir əzəmət və izzətlə yoğrulmuşdu.

Mən şəhadətindən sonra onun pak bədənini ziyarət etmək şərəfinə nail oldum. Gördüyüm bir mətanət dağı idi; eşitdim ki, (can verərkən) sağlam əlinin yumruğunu düyünləyibmiş. Onun şəxsiyyətinin müxtəlif tərəfləri haqqında məlumatlı şəxslər hələ uzun müddət danışmalıdırlar. Bu məqamda bu qısa sözlərlə kifayətlənirəm. Belə bir şəxsdən sonra rəhbərlik kürsüsünə söykənməyin çətinliyinin səbəbi budur; bu boşluğu doldurmaq yalnız Allahın köməyi və siz xalqın yardımı ilə mümkündür.

Vurğulamaq istəyirəm ki, şəhid rəhbərin və ondan öncəki böyük rəhbərin ən böyük məharətlərindən biri xalqı bütün sahələrə daxil etmək, onlara daim bəsirət və agahlıq vermək və əməldə onların gücünə güvənmək idi. Onlar "Cümhur" və "Cümhuriyyət"in həqiqi mənasını belə gerçəkləşdirdilər. Bunun aşkar təsiri ölkənin rəhbərsiz və baş komandansız qaldığı bu bir neçə gündə göründü. İran millətinin son hadisədəki bəsirəti, ayıqlığı, mərdliyi və meydandakı iştirakı dostu heyran etdi, düşməni isə şoka saldı. Ölkəni idarə edən və onun qüdrətinə zəmanət verən siz xalq oldunuz. Yazının əvvəlində gətirdiyim ayə o deməkdir ki, Allahın ayələrindən (nişanələrindən) heç biri vaxtı bitməz və ya unudulmaz ki, Allah onun yerinə daha yaxşısını və ya bənzərini verməsin.

Bu ayəni gətirməkdə məqsədim özümü şəhid rəhbərin səviyyəsində, yaxud ondan üstün görmək deyil; məqsədim siz əziz millətin həlledici roluna diqqət çəkməkdir. Əgər o böyük nemət bizdən alındısa, əvəzində İran millətinin "Əmmar" kimi (sadiq) iştirakı bu nizama yenidən bəxş edildi. Bilin ki, əgər sizin gücünüz meydanda görünməsə, nə rəhbərlik, nə də digər dövlət qurumları lazımi səmərəni verə bilməz. Bunun üçün ilk növbədə Allaha təvəkkül və məsumların (ə) nuruna təvəssül hər cür qələbənin zəmanəti kimi görülməlidir.

Üçüncü hissə: Rəşadətli döyüşçülərimizə təşəkkür. Vətənimiz istikbar cəbhəsinin hücumuna məruz qaldığı bir vaxtda düşmənin qarşısını kəsən döyüşçülərimizə minnətdaram. Əziz döyüşçü qardaşlarım! Xalqın istəyi effektiv müdafiənin davam etdirilməsidir. Hormuz boğazının bağlanması rıçaqından istifadə edilməlidir. Düşmənin zəif olduğu digər cəbhələrin açılması barədə araşdırmalar aparılır və lazım gələrsə, həyata keçiriləcəkdir. Müqavimət cəbhəsinin döyüşçülərinə, xüsusilə Yəmən, Hizbullah və İraq müqavimətinə fədakarlıqlarına görə təşəkkür edirəm.

Dördüncü hissə: Zərərçəkənlərə müraciət. Şəhid ailələrinə dərin hüznlə başsağlığı verirəm. Mən də bu acını yaşamışam; atamdan əlavə, vəfalı həyat yoldaşımı, fədakar bacımı, onun azyaşlı övladını və bacımın yoldaşını şəhidlər karvanına yola salmışam. Sizi əmin edirəm ki, şəhidlərimizin qanının intiqamından vaz keçməyəcəyik. Bu intiqam təkcə rəhbərin şəhadəti ilə bağlı deyil, hər bir vətəndaşın qanı bizim üçün müstəqil bir qisas mövzusudur. Xüsusilə uşaqlarımızın qanına qarşı həssas olacağıq; düşmənin Minabdakı "Şəcərəyi-Təyyibə" məktəbində törətdiyi cinayət xüsusi araşdırılacaq. Yaralıların müalicəsi pulsuz olmalı və maddi zərərlər kompensasiya edilməlidir. Düşməndən mütləq təzminat alacağıq; imtina etsələr, əmlaklarını məhv edəcəyik.

Beşinci hissə: Region ölkələrinə müraciət. Biz 15 qonşu ölkə ilə mehriban münasibətlərin tərəfdarıyıq. Lakin düşmən bəzi ölkələrdə hərbi bazalar yaradıb. Son hücumda istifadə olunan həmin bazaları vurduq və vurmağa davam edəcəyik. Qonşularımıza tövsiyə edirəm ki, bu bazaları bağlasınlar. Amerikanın təhlükəsizlik vədi yalandır. Biz regionda hökmranlıq istəmirik, birliyə hazırıq.

Altıncı hissə: Şəhid rəhbərimizə müraciət. Rəhbərim! Getməyinizlə ürəklərimizə ağır dağ çəkdiniz. Siz həmişə bu aqibətin (şəhadətin) həsrətində idiniz və Allah bunu sizə Ramazan ayının 10-u sübh çağı Quran oxuyarkən nəsib etdi. Çoxları sizin qədrinizi bilmədi. Sizin uca məqamınızdan xalqımızın və müqavimət cəbhəsinin tərəqqisi üçün şəfaət diləyirik. Söz veririk ki, ucaltdığınız bu haqq bayrağını mənzil başına çatdırmaq üçün var gücümüzlə çalışacağıq.

Sonda məni dəstəkləyən müctəhidlərə, siyasi və mədəni xadimlərə, xalqımıza və rəsmi qurumlara təşəkkür edirəm. Allahdan bu mübarək günlərdə millətimizə qələbə, izzət və salamatlıq diləyirəm.

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh.

Seyid Müctəba Hüseyni Xameneyi"

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM
Təl-Əvivdə sirenalar susmur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Təl-Əvivdə sirenalar susmur

3/12/2026 2:50:24 PM