Aptekdə çaytikanı adı altında günəbaxan yağı satıldığı aşkarlanıb

Aptekdə çaytikanı adı altında günəbaxan yağı satıldığı aşkarlanıb
Yayınlanma tarixi: 28.03.2023 16:12:24

Bu barədə AQTA-dan məlumat verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb.

Bu barədə "İslamazeri.com"a AQTA-dan məlumat verilib.

Agentlik əməkdaşları Gəncə şəhəri, Atatürk pr., ev 237/7 ünvanında yerləşən “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıb. Baxış zamanı “SEL” MMC tərəfindən istehsal olunan “UM” və “Şəfa” əmtəə nişanlı bitki mənşəli çaytikanı yağının qablaşdırılmasında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi, məhsulun saxlanma müddətinin normativ sənəddə 12 ay göstərilməsinə baxmayaraq etiket məlumatında 3 il qeyd olunduğu, eyni zamanda məhsulun istifadə təlimatları haqqında məlumatların qeyd olunduğu içlik vərəqələri ilə təmin edilmədiyi məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticələrinə əsasən satışı həyata keçirilən bitki mənşəli yağın çaytikanı deyil, günəbaxan yağı olması müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, adıçəkilən bitki məhsulunun satışının dayandırılması ilə bağlı qərar qəbul edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

GÜNÜN MANŞETLERİ