“Barselona”nın yeni baş məşqçisi Xavinin tətbiq etdiyi tələblər və qadağalar müəyyənləşib.
İslamazeri.com-un "Qol.az"-a istinadən verdiyi xəbərə görə, bundan sonra oyunçular məşqdən ən azı 1,5 saat, məşqçilər isə 2 saat əvvəl klubun bazasında olmalıdırlar. Futbolçular klubun dietoloqlarının nəzarəti altında birgə günorta və axşam yeməyi yeməlidirlər. Məşqçinin fikrincə, düzgün qidalanma futbolçuları lazımsız zədədən qoruya bilər.
Bundan başqa, Luis Enrikenin dönəmində ləğv olunmuş cərimə sistemi yenidən bərpa olunub. Təkrar cəzalanmaya görə maddi cərimə daha da artacaq.
Xavinin daha bir qərarına əsasən, oyunlardan 48 saat qalmış futbolçuların evə getməsinə qadağa qoyulur. Bu, onların matçlara daha yaxşı köklənməsi məqsədi ilə edilir.
Bundan başqa, futbolçuların asudə vaxtına da nəzarət tətbiq edilir. Əgər onlar Barselona şəhərini tərk etmək istəsələr, bu halda əvvəlcə məşqçilərin razılığını almalıdırlar. Oyunçulara sörfinqlə məşğul olmaq və elektrovelosiped sürmək də qadağan edilir.
Futbolçular klubun imicini də qorumalıdırlar.
“Marca” qəzetinin yazdığına görə isə Xavi komandanın müdafiəçisi Jerar Pikeyə “El Hormiguero” tok-şousunda iştirak etməyi qadağan edib. Bildirilir ki, o, Pikenin futbola aidiyyatı olmayan ictimai tədbirlərdə tez-tez görünməsindən razı deyil. Baş məşqçi futbolçularının diqqəti birinci növbədə “Barselona”ya yönəltmələrinin vacibliyini qeyd edib.