Twitter Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb

Twitter Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb
Yayınlanma tarixi: 7.11.2022 18:20:05

Tesla və SpaceX-in baş direktoru İlon Maskın satın aldığı sosial media şirkəti Twitter həftə sonu Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb.

İslamazeri.com xəbər verir ki, “The Straits Times” qəzetinin xəbərinə görə, Hindistanda 200-dən çox işçisi olan Twitter, işçilərinin əksəriyyətini işdən çıxarıb.

Yeni Dehli, Mumbay və Benqalur ofislərində çalışanların 90 faizi işdən çıxarılıb ki, bu insanların 70 faizi texniki qrupda idi.

Bundan əlavə, marketinq, ictimai siyasət və korporativ kommunikasiyalar bölmələrində çalışan bəzi işçilər də ixtisar edilib.

Bundan əvvəl Twitter rəhbərliyi işçilərinə ixtisarların noyabrın 4-də başlayacağına dair e-poçt göndərib.

Qeyd edək ki, Tesla və SpaceX-in Top Meneceri Maskın Twitter-i 44 milyard dollara satın almasından sonra şirkətin 7500 əməkdaşının işdən çıxarılacağı xəbəri daha əvvəl mətbuatda yer almışdı.

GÜNÜN MANŞETLERİ