"Biz Əfqanıstan-İran Hilmənd çayı su müqaviləsinə sadiqik"
Əfqanıstandakı Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəqi Əfqanıstan-İran Hilmənd çayı su müqaviləsinə sadiq olduqlarını bildirib.
İslamazeri.com xəbər verir ki, Taliban xarici işlər nazirinin müavini Əmirxan Müttəqi İslamabaddakı təmasları çərçivəsində Çin-Pakistan-Əfqanıstan Xarici İşlər Nazirlərinin 5-ci Dialoq toplantısında, həmçinin Pakistan və Çinli həmkarları ilə ikitərəfli görüşlərdə iştirak edib.
Müttəqi Pakistanda keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.
Su məsələsinə də toxunan Müttəqi, İranın su haqqını tanıyan razılaşmaya sadiq olduqlarını ifadə edərək, “İran üçün problem yaratmaq istəmirik” deyə bildirib.
Xatırladaq ki, Əfqanıstan və İran arasında 19-cu əsrin ortalarında başlayan Hilmend su yolunda su problemi 1973-cü ildə əldə olunan razılaşma ilə həll olunub. Müqaviləyə əsasən, Əfqanıstan “normal şəraitdə” İrana saniyədə 26 kubmetr su verməyi öhdəsinə götürmüşdü. Bunun 22 kubmetri “İranın su hüququ”, 4 kubmetri isə Əfqanıstanın İrana qarşı “xoşməramlı göstəricisi” kimi müəyyən edilib.