Sudanda tərəflər arasında Ciddə Bəyannaməsi imzalanıb

Sudanda tərəflər arasında Ciddə Bəyannaməsi imzalanıb
Yayınlanma tarixi: 12.05.2023 13:18:31

Sudanda tərəflər arasında Ciddə Bəyannaməsi imzalanıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sudanda bir aya yaxındır davam edən qarşıdurmanı dayandırmaq üçün ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında Ciddə Bəyannaməsi imzalanıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, bəyannamə ABŞ və Səudiyyə Ərəbistanının Ciddə şəhərində Sudan böhranının həlli üçün tərəflər arasında başlatdığı danışıqlar nəticəsində imzalanıb.

Bəyannamədə Sudan ordusu və xüsusi təyinatlıların dinc əhaliyə zərər verəcək hər hansı hücumdan çəkinəcəyi bildirilərkən, Sudan xalqının maraqlarının hər iki tərəf üçün prioritet olduğu vurğulanıb.

Bəyannamədə Sudandakı bütün mülki şəxslərdən qarşıdurmanı və mühasirəyə alınan əraziləri tərk etmələri, təxliyələrə icazə vermələri və tərəflərin humanitar əsaslarla elan etdiyi atəşkəs rejiminə riayət etmələri istənilib.

Bildirilib ki, bəyannamə mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım aksiyalarını asanlaşdırmaq məqsədi daşıyır.

Bundan əlavə, hər iki tərəf Sudanın suverenliyini, birliyini və ərazi bütövlüyünü qorumaq əzmində olduqlarını vurğulayıb.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə çatdığını açıqlayıb.

GÜNÜN MANŞETLERİ