Türkiyə də daxil olmaqla bir çox ölkənin cəhdlərinə baxmayaraq, üz-üzə görüşməkdən imtina edən Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski gələn ay İndoneziyada keçiriləcək G20 sammitində iştirak etmək barədə razılığa gəliblər.
İslamazeri.com xəbər verir ki, 7 aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, indiyədək üz-üzə görüşməkdən imtina edən Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə görüşə bilər.
İndoneziyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Husin Bagis mətbuata açıqlamasında hər iki liderin noyabrın 15-16-da keçiriləcək sammitdə iştirak etmək barədə razılığa gəldiyini bildirib.
"Ukrayna-Rusiya müharibəsi səbəbindən bu vəziyyət asan olmayacaq. Onları hansı oteldə yerləşdirəcəyimizə qərar veririk” deyən Bagis, gərginliyin qarşısını almaq üçün lazımi tədbirləri görəcəklərini bildirib.
Ukrayna hökuməti isə İndoneziya səfirinin sözlərinə baxmayaraq, Zelenskinin Baliyə getməklə bağlı yekun qərar vermədiyini bildirib.
Bundan əvvəl bildirilirdi ki, İndoneziya hökumətinə Putini G20 sammitinə dəvət etməmək çağırışları olub.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden Putinlə sammitdə görüşə biləcəyinə işarə edərək, Rusiya liderinin "nüvə silahından istifadə ilə bağlı təhdidlərinin" Kuba Raket Böhranından sonra dünyanın üzləşdiyi ən böyük nüvə təhlükəsi olduğunu bildirib.