"Mübarək Ramazan ayının gəlişi insanın özülə məşğul olması, mənəvi rəngə boyanması üçün Allah tərəfindən ona veriləcək gözəl fürsətdir." - Hacı Faiq Nəbiyev
“Mübarək Ramazan ayının gəlişi insanın özülə məşğul olması, mənəvi rəngə boyanması üçün Allah tərəfindən ona veriləcək gözəl fürsətdir. Bu ayda Quran nazil olub, hədislərə görə, oruc tutan şəxsin nəfəsinə belə savab yazılır. Ümumilikdə Allah Təala bu ayda öz bəndələrinə böyük savab və rəhmətlər təqdim edir. Ona görə, bütün mömin və möminələr, oruc tutan əzizlərə tövsiyəm budur ki, çalışıb bu ayda bir-birilərini acılamasınlar, mübahisə etməsinlər.”
İslamazeri.com xəbər verir ki, bu sözləri Bütün Gürcüstanları Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev yerli mediaya müsahibəsi zamanı bildirib.
Şeyxin sözlərinə görə,dini bilgilərə sahib olanların, fiqhi bilənlərin müzakirəsi, dost məclisi gözəldir, mübahisə və acılamaq olmadan dini məsələləri müzakirə etmək, öyrədib öyrənmək savabdır.
“Ayın görünməsi, təqvimlə üst-üstə bəzən düşməməsi məsələsinə gəldikdə isə; biz bilirik ki, İslam Dininin şəri məsələləri, fiqhi mövcuddur. Ayın görünməsi məsələsilə bağlı hökmlər İslamdan gələn mövzulardır. İslamın ümumi rəyi budur ki, ay görünəndən sonra Ramazan ayı niyyətilə oruca başlayırıq, Şəvval ayının hilalının görünməsilə (görünməsə 30 gün oruc tuturuq) Fitr bayramını qeyd edirik. Ramazan ayının ölkələr tərəfindən bir gün fərqlə elan edilməsi fiqhi nəzəriyyələrlə əlaqəlidir, həmçinin üfüq fərqi də diqqətə alınır.”, -deyə Hacı Faiq Nəbiyev əlavə edib.
BGMİ Şeyxi xəstəlik səbəbinə görə oruc tuta bilməyənlərə də tövsiyə edib: “Xəstəlik səbəbinə görə, üzrlü şəxslər oruc tuta bilmirlərsə, bu ayda ehsan versinlər, kasıblara əl tutsunlar, imkansız qocaların dərmanlarını, ehtiyaclarını ödəsinlər. İftar verməyin də böyük savabları vardır. Xəstəlik səbəbindən oruc tuta bilməyən imkansız şəxslər günahlardan çəkinsələr, hər gün Allahdan bağışlanma istəsələr, yaxşı əməllər etsələr; şübhəsiz onlara da savab yazılacaqdır.”
Hacı Faiq Nəbiyevin sözlərinə görə, bu ayda ən çox tövsiyə olunan əməllər aşağıdakılardır: “Ümulikdə bu ay rəhmət dolu bir aydır. Quran oxumaq, Allahı zikr etmək, iftar vermək, yaxşılıq etmək, gecələr ibadət etmək, günahlardan çəkinmək, əxlaqını gözəlləşdirmək, onu Allaha yaxınlaşdıran məclislərdə iştirak etmək, həmçinin onu Allaha yaxınlaşdıran təfəkkürü etmək böyük savabları olan, tövsiyə olunan əməllərdir. Qədr gecələrində oyaq qalıb gecənin əməllərini etmək də çox tövsiyə olunur. Bir cümlə ilə sizin sualınıza cavab vermək istəsək belə deyərik; “Bu ay Allaha yaxınlaşdıran əməlləri etmək, Allahdan uzaqlaşdıran əməllərə peşman olub uzaq durmaq ən böyük tövsiyə olunan əməllərdir.”