Prezident: Keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar

Prezident: Keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar
Yayınlanma tarixi: 1.01.2023 08:04:52

"Nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq."

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti  İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.", -deyə Prezident bildirib.

Azərbaycan prezidenti deyib: "Eyni zamanda, bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər."

"Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.

Əlbəttə ki, bununla paralel olaraq, minatəmizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.", -deyə İlham Əliyev qeyd edib.

GÜNÜN MANŞETLERİ