Parlamentdə sənədsiz evlər məsələsi qaldırılıb

Parlamentdə sənədsiz evlər məsələsi qaldırılıb
Yayınlanma tarixi: 1.02.2023 16:24:24

Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

“Vətəndaş məcburiyyət qarşısında kənd təsərrüfatı təyinatlı torpaqlarda da ev tikir”.

İslamazeri.com xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

Razi Nurullayev deyib ki, böyük torpaq sahələrini sadə vətəndaşlar zəbt etməyib: “Bəlkə qanunsuz zəbt olunmuş həmin torpaqları geri qaytaraq? Sadə vətəndaşlar üçün əlacsızlıqdan hansısa yolla kommunikasiyası olmayan kənd təsərrüfatı torpaqlarında ev tikibsə, bu məsələni də nəzərə almaq lazımdır”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bələdiyyələrin xəritələrlə tam təmin edilməsi prosesi hələ başa çatmayıb: “Ona görə bələdiyyələr bu gün qazilərə, ehtiyacı olan insanlara ev tikintisi üçün torpaq sahələri ayıra bilmir. Digər tərəfdən, bu gün kənd təsərrüfatı torpaqlarının 30 faizi yollara ayrılıb. Çünki hər kəs öz pay torpağını becərir, pay torpaqları arasındakı yollarda da torpaqların 30 faizə qədəri qalır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu gün müxtəlif təyinatlı torpaqlarda tikilən 400 minə qədər evin sənədsiz olduğunu nəzərə çatdırıb: “Mən başa düşürəm ki, mühafizə zolaqları və belə sahələrə düşən evlərin sənədləşdirilməsi problemlidir. Lakin bu 400 min evin hamısı ilə bağlı vəziyyət belə deyil. Sanki bəzi məmurlar dövlətin torpağını xalqa vermək istəmir. Bəzən də olur ki, bir neçə qurum belə torpaqların təyinatının dəyişdirilməsi barədə razılığa gəlir, sonda Nazirlər Kabineti bunu təsdiqləmir, Baş nazirin kefindən asılı olur. Bu məsələləri qanunla tənzimləyək. Məsələn, yaşayış məntəqələrinə bitişik ərazilərlə bağlı səlahiyyət yerli icra hakimiyyəti orqanlarına verilsəydi, sənədsiz evlərlə bağlı problem həllini tapardı. Yaxud bu səlahiyyət İqtisadiyyat Nazirliyi ilə başqa bir nazirliyə verilsəydi, həll yolu tapılardı. Prezident də fərman verib, ancaq bu kimi problemlərə görə məsələ uzanır”.

Spiker Sahibə Qafarova isə “Baş nazirin kefindən asılı olur” ifadəsini yolverilməz sayıb: “Qüdrət müəllim, siz təcrübəli deputatsınız, bu nə ifadədir işlədirsiniz? Qanun yol vermədiyi halda Nazirlər Kabineti bunu təsdiqləmir”.

GÜNÜN MANŞETLERİ