İsraildə keçirilən növbədənkənar ümumi seçkilərdə qalib gələn və hökuməti qurmaq vəzifəsi daşıyan Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə tam diplomatik əlaqələr qurmağa çalışacağını bildirib.
İslamazeri.com xəbər verir ki, İsraildə yenidən baş nazir kürsüsündə oturmağa hazırlaşan Netanyahu Səudiyyə Ərəbistanının Əl Ərəbiyyə televiziyasına "nadir" sayıla bilən bir müsahibə verib.
Bəzi ərəb ölkələri ilə imzalanan “Abraham” adlı normallaşma müqaviləsini genişləndirmək istədiklərini qeyd edən Netanyahu, Səudiyyə Ərəbistanı ilə də oxşar razılaşma əldə etməyi və Ər-Riyad ilə tam diplomatik əlaqələr qurmağı ümid etdiklərini bildirib.
“İsrail və Səudiyyə Ərəbistanı arasındakı sülh təşəbbüsünün İsrail-Fələstin probleminə də həll yolu gətirəcəyini” iddia edən Netanyahu deyib:
"Bu, İsrail və ərəb dünyası arasında hərtərəfli sülh üçün böyük bir sıçrayış olacaq.
Bölgəmizi təsəvvür edilə bilməyəcək şəkildə dəyişəcək. Nəhayət, düşünürəm ki, bu, həm də İsrail-Fələstin sülhünü asanlaşdıracaq, mən buna inanıram".
Bu səylərdə iştirak edib-etməməyin Səudiyyə Ərəbistanı rəhbərliyinə bağlı olduğunu vurğulayan Netanyahu, bunu etmək istədiklərini "ümid etdiyini" söylədi.
O, sözlərinə belə davam edib:
"Hamı deyirdi ki, siz əvvəlcə Fələstin problemini həll etməlisiniz, əks halda ərəb dünyası ilə sülh edə bilməyəcəksiniz. Amma bunun əksi də ola bilər. Ərəb ölkələri ilə sülhü genişləndirdikcə, bəlkə də fələstinlilərlə sülh əldə edilə bilər və mən buna çox inanıram".
Qeyd edək ki, rəsmi Ər-Riyaddan Netanyahunun açıqlamaları ilə bağlı heç bir cavab verilməyib.