MTN generalı 8 il azadlıqdan məhrum olunub

MTN generalı 8 il azadlıqdan məhrum olunub
Yayınlanma tarixi: 11.10.2022 16:37:10

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İslamazeri.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Tahirov 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Hökmdə o da qeyd olunub ki, Nizami Şirinovun üzərinə həbs qoyulmuş 180 min manantlıq əmlakları müsadirə olunacaq.

Qeyd edək ki, prokuror Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Nəzirovun 11 il azadlıqdan mərhum edilməsini, Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini istəmişdi.

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

GÜNÜN MANŞETLERİ