Mədəniyyət naziri Əlcəzair səfiri ilə görüşüb

Mədəniyyət naziri Əlcəzair səfiri ilə görüşüb
Yayınlanma tarixi: 20.10.2022 11:45:26

Nazir Anar Kərimov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanla görüşüb.

Mədəniyyət Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.

Nazir Anar Kərimov əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Noyabr ayında Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumunun əhəmiyyəti haqqında səfirə məlumat verən nazir Əlcəzair nümayəndə heyətini bu tədbirdə iştiraka dəvət edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”, 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı çərçivəsində də qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb. A. Kərimov bildirib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Abdeluahab Osman birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

GÜNÜN MANŞETLERİ