İtaliyada milyonlarla insan quraqlıqla üzləşəcək

İtaliyada milyonlarla insan quraqlıqla üzləşəcək
Yayınlanma tarixi: 27.02.2023 12:39:58

İtaliyanın su ehtiyatlarından məsul ANBİ konsorsiumunun rəhbəri Françesko Vinçenzi son məlumatlara görə qarşıdakı aylarda ən azı 3,5 milyon italiyalıya su kəsintilərinin tətbiq olunacağını deyib.

İtaliyada qış aylarında yağıntıların az olması səbəbindən yaşanan quraqlığın qarşıdakı dövrdə milyonlarla insanın su kəsintilərinin tətbiq edilməsi ilə üzləşməsinə səbəb ola biləcəyi bildirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliyanın su ehtiyatlarından məsul ANBİ konsorsiumunun rəhbəri Françesko Vinçenzi son məlumatlara görə qarşıdakı aylarda ən azı 3,5 milyon italiyalıya su kəsintilərinin tətbiq olunacağını deyib. O bildirib: “İtaliyanın ən böyük çayı və əsas su mənbəyi olan Po çayında suyun səviyyəsi rekord səviyyədə aşağı düşüb. Əhalinin 6-15 faizinin şiddətli və ya həddindən artıq quraqlığa məruz qalan bölgələrdə yaşadığı bildirilir. Ölkənin şimal və mərkəz bölgələrindəki göl və çaylarda suyun səviyyəsi kəskin azalıb, Alp dağlarında qar örtüyünün hündürlüyü isə son 10 ilin orta göstəricisindən 53 faiz aşağıdır.

Yağıntıların azalması və dəniz suyunun çəkilməsi səbəbindən kanalları ilə məşhur olan Venesiya şəhərində bəzi kanallarda suyun səviyyəsi 50-60 santimetr azalıb, qayıqların və su taksilərinin hərəkəti mümkünsüz olub”.

Xatırladaq ki, İtaliyada 2022-ci ilin yay fəslində son "70 ilin ən pis quraqlığı" yaşanmış və nəticədə kənd təsərrüfatı sektorunda ən azı 6 milyard avroluq itki qeydə alınmışdı.

GÜNÜN MANŞETLERİ