İslamda "pak göz"ün dəyəri

İslamda
Yayınlanma tarixi: 2.02.2023 13:09:18

İslamazeri.com-un "Din" rubrikasından...

“Gözdən daha nankoru yoxdur. İstədiyini verməyin ki, sizi Allahın zikrindən uzaqlaşdırar.”

İslam tərbiyə məktəbində insanın paklığı böyük dəyər sayılır. İffətsizlik, əxlaqsızlıq, cinsi pozğunluq bu məktəbdə məhkum edilir. Bu məktəbdə cinsi meyllər, azğın nəfs istəkləri ilk addımda göstərişlər, tövsiyələrlə doğru yola yönəldilir. Müsəlmanlar paklığa, iffətə çağrılır. Sonra hikmətli tədbirlərlə azğınlıq şəraitləri aradan qaldırılır. İslam öz ardıcıllarına göstəriş verir ki, iffətsizlik edilməsin, başqalarının da doğru yoldan büdrəməsinə şərait yaradılmasın.
İnsan tərbiyəsində gözün paklığı, gözü naməhrəmə baxışdan çəkindirmək mühüm yer tutur. Naməhrəmlərə şəhvətamiz, çirkin baxış məhkum olunur. İslam əqidəsinə əsasən belə baxış insanı azğınlığa aparır. İmam Sadiq (ə) buyurur: “Naməhrəmə baxmaq insan qəlbində şəhvət toxumu əkir. Belə bir baxış insan üçün fitnə mənşəsidir.” Başqalarının namusuna baxmaq şeytanın istəyidir. Naməhrəmə çirkin oxlar atan göz şeytanın pusqusudur. Şeytan belə gözlərdə pusqu qurub başqalarının namusunu hədəfə alır. Həzrət Peyğəmbər (s) buyurur: “Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır.” Əmirəlmöminin (ə) buyurur: “Gözlər şeytanın pusqusudur.” İnsan gözünə nəzarət etməli, onu naməhrəmə baxışdan qorumalıdır. Xalqın namusuna baxış insanın imanına dağıdıcı təsir göstərir.
İmam Baqir (ə) buyurur: Ənsardan olan bir gənc Mədinədə bir qadınla rastlaşdı. O zaman qadının örtüyü başın bir hissəsini naməhrəmdən gizləyirdi. Başörtüyü elə bir formada idi ki, qulaqlar, boyun açıq qalırdı. Bu gənc həmin qadına baxdı. Qadın ötüb keçənə qədər ondan gözünü çəkmədi. O gözünü qadının arxasınca zilləyib hərəkət etdiyi zaman dar küçədə üzü divara çırpıldı və yaralandı. Qadın ötüb gedəndən sonra gənc özünə gəldi, hiss etdi ki, üzü yaralanıb. Qərara gəldi ki, Peyğəmbərin (s) hüzuruna gedib əhvalatı danışsın, ondan tövsiyə istəsin. Peyğəmbər (s) bu gənci görən kimi ondan nə üçün yaralandığını soruşdu. Gənc əhvalatı danışdı. Bu zaman Cəbrayil (ə) nazil oldu, ayə gəldi. Bu Nur surəsinin 30, 31-ci ayələri idi: “Ey Peyğəmbər (s), mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərə qapasınlar, ayıb yerlərini zinadan qorusunlar. Bu onlar üçün daha xeyirlidir. Şübhəsiz Allah onların nə etdiklərindən xəbərdardır; mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Öz özlüyündə görünən istisna olmaqla zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər, zinət yerlərini naməhrəmə göstərməsinlər...”
Demək, Qurani-Kərim kişi və qadınların öz iffətini qorumasını istəyir. Bu İslam dinində zəruri sayılır. Kişinin naməhrəm qadının bədəninə ləzzət məqsədi ilə və ya bu məqsəd olmadan baxması haramdır. Üz və əllərə ləzzət məqsədi ilə baxmaq haramdır. Vacib ehtiyat budur ki, ləzzət məqsədi olmadan da qadının üz və əlinə baxılmasın. Qadının naməhrəm kişinin bədəninə baxması da haramdır.
İnsanın bədən üzvlərinin hər biri üçün ibadət var. Bədən üzvü günahdan qorunanda dəyərli olur. Həzrət Əli (ə) gözlər barədə buyurur: “İnsan vücudunda gözdən nankoru yoxdur. İstədiyini verməyin ki, sizi Allahın zikrindən uzaqlaşdırar.” Həzrət Peyğəmbər (s) göz haqqında buyurur: “Qiyamət günü bütün gözlər ağlayar, yalnız üç göz istisnadır: Allah qorxusundan ağlayan göz, naməhrəm görəndə qapanan göz, gecələr Allaha ibadət üçün oyaq qalan göz.” Göz haram baxışa aludə olmasa onun insan üçün bərəkətləri var.
Həzrət Peyğəmbər (s) buyurur: “Gözünüzü naməhrəmə yumun ki, qəribəlikləri görə biləsiniz.” Həzrət Əli (ə) buyurur: “Naməhrəmə gözünü yuman insan qəlbini rahat edib.” Başqa məqamda həzrət buyurur: “Gözünə nəzarət edən insanın çöhrəsi gözəl olar.” İmam Sadiq (ə) buyurur: “Naməhrəm qadını görən kimi başını göyə qaldırıb gözünü qapayan insan gözünü açana qədər Allah ona behişt hurilərini əqd edər.” Həzrət Peyğəmbər (s) buyurur: “Nəməhrəmə baxış şeytanın zəhərli oxlarındandır, kim Allahdan qorxub bu baxışdan çəkinsə Allah ona elə bir iman verər ki, şirinliyi qəlbində hiss edər.”
Qurani-Kərimdə insanları doğru yola yönəldən əhvalatlar kifayət qədərdir. Bu əhvalatlar arasında Həzrəti Yusifin (ə) əhvalatı xüsusi yer tutur. Bu əhvalat ən gözəl əhvalat kimi yad edilir. Əhvalatda Həzrət Yusifin (ə) ən çirkin bir işdən, başqalarının namusuna baxmaqdan çəkinməsi nəql olunur. O bütün şəraitlər yarandığı halda azğın nəfs istəklərini nəzarətə alır, naməhrəmə gözünü qapayır. Bu çətin və böyük iş yalnız Allahın yardımı ilə mümkün olur. Qurani-Kərim Həzrət Yusifi (ə) iffət meydanının qəhrəmanı kimi tanıtdırır. O müsəlmanlara bir nümunə kimi təqdim olunur. Hər bir müsəlman gözə nəzarət məsələsində Həzrət Yusifin (ə) yolunu getməlidir. İslam Peyğəmbəri (s) buyurur: “Ən şücaətli insan azğın nəfs istəklərinə qalib gələn insandır.”
Həzrət Yusifin (ə) əhvalatında dəyərli nöqtələrdən biri onun çətin vəziyyətdə Allaha pənah aparmasıdır. Allaha imandan başqa heç bir qüvvə azğın nəfsin qarşısında dayana bilməz. Həzrət Əlidən (ə) soruşurlar ki, naməhrəmə baxışdan necə qorunmaq olar? Həzrət (ə) buyurur: “Məxfi işlərini görən qüdrət sahibinin nəzəri ilə şəhvət alovunu söndürə bilərsən.”
Namus mövzusunda söhbətdə iffətlə yanaşı başqa bir nöqtədən danışılır. Rəvayətlərdə də təkid olunur ki, əkdiyini biçərsən. İmam Sadiq (ə) buyurur: Həzrət Musanın (ə) dövründə bir kişi zinaya yol vermişdi. Evinə qayıdanda xanımının bir kişi ilə zina etdiyinə şahid oldu. Həmin kişini Həzrət Musanın (ə) yanına gətirdi. Cəbrayil (ə) nazil olub dedi: “Kim başqasının namusuna təcavüz edərsə onun namusuna təcavüz olunar.” Həzrət Musa (ə) buyurdu: “İffətli olun ki, namusunuz qorunsun.”
Qeyrətli mömin heç vaxt başqalarının namusuna baxmır. Çünki o öz namusuna kiminsə baxmasından həzər qılır. Bir şəxs İmam Sadiqdən (ə) soruşdu ki, yoldan ötən qadının arxasınca baxmaq olarmı? Həzrət (ə) buyurdu: “Sizin namusunuza belə baxsalar xoşhal olarsınız?! Özünüzə rəva qılmadığınızı xalqa rəva qılmayın.”
Kişi naməhrəm qadınla xəlvət bir yerdə olduqda haram əməl qorxusu yarandıqda həmin yeri tərk etməlidir. Günahın qarşısını alan işlərdən biri kişinin naməhrəmlə xəlvətdə olmamasıdır. Xalqın gözündən kənarda günah imkanı çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Allaha və qiyamət gününə inanan insan elə yerdə yatmamalıdır ki, naməhrəm qadının nəfəsini eşitsin.” Əmirəlmöminin (ə) buyurur: “Heç vaxt naməhrəm qadınla təklikdə qalmayın. Kişi naməhrəm qadınla bir yerdə olduqda orada üçüncü şəxs şeytandır.” Həzrət (ə) buyurur: “Kim üç şərtə əməl eləsə, şeytandan qurtulub: Bunlardan biri naməhrəm qadınla təklikdə qalmamaqdır...”
İnsan gözünü ulaşdırmaqla ilahi əzaba məhkum olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Gözü naməhrəm qadına baxışla dolan insan qiyamət günü odla üzləşər, Allah onun gözlərini oddan mıxlarla doldurar. Xalqla hesab qurtarandan sonra əmr olunar ki, onu cəhənnəmə aparın.” İslam öz ardıcıllarının paklığını qorumaq üçün onları naməhrəmin səsindən də çəkinməyə çağırır. Bütün bu xəbərdarlıqlar naməhrəmlə təmasın təhlükəsindən danışır. Təbii ki, hicaba tam əməl edən qadınla zəruri hallarda pis niyyət olmadan sual-cavabın iradı yoxdur. Peyğəmbər (s) buyurur: “İnsan vücudunda hər üzv üçün zinanın payı var: Göz zinası, dil zinası, qulaq zinası. Naməhrəmə baxmaq göz zinası, naməhrəmə qulaq asmaq qulaq zinası, naməhrəmlə danışmaq dil zinasıdır.” Məzəmmət olunan hallardan biri də naməhrəmlə zarafat etməkdir: “Kim naməhrəmlə zarafat etsə zarafat zamanı dilə gətirdiyi hər sözə görə 1000 il cəhənnəmdə həbs olunar.” Əmirəlmöminin (ə) naməhrəmlə rastlaşan zaman şeytanın fitnəsindən amanda qalmaq üçün belə tövsiyə edir: “Sizlərdən biriniz naməhrəmlə rastlaşanda ondan xoşunuz gəlsə bilin ki, onda nə görürsünüzsə zövcənizdə də var. Evli olmayanlar iki rəkət namaz qılıb Allaha şükür etsinlər, Peyğəmbər (s) və Əhli-Beytə (ə) salavat göndərsinlər. Bundan sonra Allah öz fəzli ilə halal yolla onun ehtiyacını aradan qaldırar.

GÜNÜN MANŞETLERİ