FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Yayınlanma tarixi: 28.10.2022 16:59:54

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın Qaz Emalı Zavodunun çənlər parkında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

İslamazeri.com xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid neft məhsullarının saxlanıldığı çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Bakı şəhərinin Qaradağ, Səbail, Binəqədi, 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri cəlb olunub.

Təlim zamanı çənlər parkında baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə “məhdudlaşdırılaraq söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən hadisələrə çevik reaksiya verilməsi məqsədilə mütəmadi olaraq yanğın taktiki təlimləri, dərs və məşqlər keçirilir: “Bugünkü təlimimiz Dövlət Yanğından Mühafizə Xidmətinin illik tədbirlər planına əsasən keçirilir. Təlimin keçirilməsində əsas məqsəd, birinci növbədə, obyektin xüsusiyyətləri ilə şəxsi heyətin daha ətraflı tanış olması, onların fiziki hazırlığının artırılmasıdır. Təlimin keçirilməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 15 yanğından mühafizə texnikası, 70-ə yaxın şəxsi heyəti cəlb olunub. Gördüyünüz kimi, təlim artıq başa çatıb və təlimin keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olunub. Sonrakı mərhələdə şəxsi heyətlə birlikdə xidmət aparatında baş verən nöqsanlar, ümumiyyətlə, təlimin gedişatı və eyni zamanda, obyektin yanğına qarşı vəziyyəti müzakirə olunacaq. Və baş vermiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək. Bu kimi tədbirlərin ilin sonuna kimi digər strateji əhəmiyyətli obyektlərdə, eyni zamanda, insanların kütləvi toplaşdığı yerlərdə davamlı olaraq keçirilməsi nəzərdə tutulub”.

GÜNÜN MANŞETLERİ