Fərid Şəfiyev: Qərb mediasında Azərbaycana qarşı stiqma var

Fərid Şəfiyev: Qərb mediasında Azərbaycana qarşı stiqma var
Yayınlanma tarixi: 19.10.2022 12:42:11

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) təşkilatçılığı ilə "Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında seminar keçirilib.

İslamazeri.com xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edib.

Sədr deyib ki, 30 illik münaqişə dövründə azərbaycanlılara qarşı çoxsaylı qırğınlar törədilib, bu həm mülki, həm də hərbi itkilər olub.

"Bu gün də problemlər qalmağa davam edir. Hələ də Azərbaycan torpaqlarında erməni hərbi birləşmələri var. Bir neçə gün öncə ikinci Qarabağ müharibəsi dövründə Gəncəyə mülki infrastruktura endirilən zərbələrin ikinci il dönümü qeyd olundu. 2020-ci ilin oktyabrında aktiv döyüşlərin getdiyi yerdən uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri bombalandı, bu ərazilərdə heç bir hərbi infrastruktur yox idi, onlar mülki əhalini hədəf alaraq müharibə cinayəti törətdi. Bu ilk hal deyildi. Birinci Qarabağ müharibəsində Ermənistan tərəfi Xocalı faciəsini törətmişdi, bunu Ermənistanın keçmiş prezidenti Sarkisyan alman mediasına müsahibəsində belə açıq şəkildə bildirmişdi", - Fərid Şəfiyev qeyd edib.

O bildirib ki, bu gün Azərbaycan öz həqiqətlərini çatdıranda çətinliklə üzləşir, xüsusilə Qərb mediasında Azərbaycana qarşı stiqma var.

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov çıxışında bildirib ki, artıq 2015-ci ildə Avropanın İnsan Haqları Məhkəməsi "Çıraqovlar Ermənistana qarşı" işində bildirib ki, Azərbaycan ərazilərinin bir qismi Ermənistanın ciddi nəzarətindədir yəni bu torpaqlar işğal edilib.

Bu ərazilərdə etnik təmizləmə aparılıb, qeyri-qanuni yaşayış məntəqələri tikilib ki, bütün bunlar beynəlxalq hüquqa ziddir.

O, beynəlxalq humanitar hüquq çərçivəsində münaqişənin nəticələri barədə vurğulayıb ki, Ermənistan tərəfi bu torpaqları minalayıb və məqsəd mülki şəxslərin hədəf alınması, onlara zərə vurmaq olub.

O deyib ki, minatəmizləmə istiqamətində Azərbaycan tərəfi böyük səylə işləsə də ciddi çətinliklərlə üzləşir, çünki Ermənistan tərəfi Azərbaycana dəqiq xəritələr təqdim etməyib. Təqdim olunan xəritələr isə 25 faiz dəqiqdir.

Çingiz Əsgərov 2020-ci ilin noyabrından bəri 200-dən çox azərbaycanlının bu minaların qurbanı olduğunu, bu şəxslərin arasında həlak olan və yaralananların əksəriyyətinin də mülki şəxslər olduğunu vurğulayıb: “Ermənistan tərəfi işğal olunmuş ərazilərdə mədəni-tarixi abidələri, qəbiristanlıqları məqsədli şəkildə minalayıb”.

O deyib ki, mina təhlükəsi bu torpaqların sakinlərinin təhlükəsiz şəkildə geri dönməsinə mane törədir ki, bu da insanların təhlükəsiz şəraitdə yaşmaq hüququnu pozur.

Çingiz Əsgərov vurğulayıb ki, 44 günlük müharibədə Ermənistan tərəfi qadağan olunmuş silahlardan istifadə edərək, Bərdəni, Gəncəni hədəf alıb, nəticədə çox sayda mülki sakinlər həyatını itirib ki, onların arasında çox sayda uşaqlar var: "Ermənistan tərəfi bu hücumlara haqq qazandırmaq üçün guya hərbi infrastrukturu hədəf aldığını bəyan etdi. Ancaq onların bombaladığı ərazidə heç bir hərbi obyekt yerləşmirdi.

"Human Rights Watch" da hesabatında bəyan etdi ki, mülki infrastruktur qadağan olunmuş silahlardan istifadə olunaraq hədəf alınıb. Ermənistan prezidentinin hərbi məsələlər üzrə müşaviri də yerli televiziya kanalına müsahibəsində dedi ki, bu şəhərlər məqsədli şəkildə hədəf alınıb, məqsəd qorxuya və xaosa səbəb olmaq olub. Beynəlxalq media bu ərazilərə səfər edərək hazırladığı xəbərlərdə də bildirib ki, bombalanan ərazilərdə heç bir hərbi obyekt olmayıb əksinə bu ərazilər əhalinin sıx yaşadığı yaşayış məntəqələridir. Ermənistan tərəfi beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə və infrastruktura ayrı-seçkilik edilmədən, məqsədli şəkildə hədəf alıb”.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev onlayn formatda çıxış edib. O deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə qeyri-qanuni yaşayış məntəqələri tikərək üçüncü ölkələrdə erməni əsilli şəxsləri Azərbaycan torpaqlarına köçürüb, bu torpaqların təbii resurslarını istismar edib.

O deyib ki, müharibə dövründə əsir alınan, hərbi və mülki şəxslərə qarşı işgəncələr törədilib, həlak olan azərbaycanlı hərbçilərin meyitləri üzərində vəhşiliklər edilib və bütün bunlarla bağlı faktlar mövcuddur.

Azərbaycanlı diplomat əlavə edib ki, birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlı itkin düşüb lakin qarşı tərəf heç vaxt bu şəxslərin taleyinə aydınlıq gətirməyib.

O deyib ki, Azərbaycan tərəfi ölkəyə qarşı Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı qlobal cəmiyyəti məlumatlandırır, beynəlxalq institutlarla işləyir, hesabatlar, sənədlər təqdim olunub, olunur.

Diplomat əlavə edib ki, Azərbaycan törədilənlərə qarşı cəzasızlığa son qoymaq üçün diplomatik səylərini davam etdirəcək.

GÜNÜN MANŞETLERİ