Faciəyə məsxərə etməklə vətənpərvərlik arasında fərq - MƏQALƏ

Faciəyə məsxərə etməklə vətənpərvərlik arasında fərq - MƏQALƏ
Yayınlanma tarixi: 20.05.2024 15:30:40

Dünən (19 may) günün birinci yarısı Azərbaycan və İran prezidentləri biraraya gələrək böyük layihələrə imza atdılar.

 Bu addım son dönəmdə Azərbaycan İran əlaqələrinin yaxşılaşması üçün çox böyük bir dəyişiklik idi. Əlbəttə  bir-birinə hörmət əsasında əlaqələrin inkişaf etdirilməsi və bu cür nəhəng layihələr istənilən iki ölkə üçün böyük diplomatik və siyasi uğurdan başqa bir şey deyil. Odur ki, Azərbaycan və İran vətəndaşları  üçün bu ilin ən gözəl xəbəri idi.

Lakin günün ikinci yarısında İbrahim Rəisinin helikopterinin qəzaya uğraması və daha sonra bütün ekipaj üzvlərinin həyatlarının itirilməsi məlumatları bütün dünyanın əsas manşet xəbərləri oldu.

Bu xəbərdən sonra insanlar öz hisslərini müxtəlif yollarla bildirirdi.

Rəsmi şəxslər rəsmi yollar və sosial media platformalarından mediaya ötürülərək başsağlığı mesajlarını yayırdılar.

Adi insanlar isə öz çevrələri və sosial şəbəkələr vasitəsilə bu məsələyə münasibət bildirmələrini görmək olar.

Sosial medianı izlədikdə Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycandan bu xəbərlə bağlı narahatlıq və kədərdolu fikirlərini biruzə verən onlarla şəxsi görmək olar.

Lakin bəzən bu xəbərlə bağlı məsxərə, sevincək mesajlar, təhqirdolu fikirlər də sosial mediada rast gəlinir.

Bunları bir neçə qrupa bölmək olar:

 

    * Vəhabi fikirləri

Vəhabilərlə bağlı bunu demək olar ki, vəhabilər özlərindən başqa hər kəsi kafir adlandırdıqları halda şiə İranında baş verənlərə öz qablarına uyğun rəy bildirmələri başadüşüləndir. Çünki vəhabiliyin geninə işləmiş gizli və aşkar xəvaric - təkfirçi ideologiyasına görə, şiəlik onların birinci düşmənidir.

 

     * Ateist fikirləri

Ateistlər dini dəyərləri təhqir etdiklərinə görə, İslam Respublikasında baş verən hər bir negativ və faciəyə öz ampulalarında rəy bildirirlər. Onlara görə, “Allaha inanan şəxsin başına bir iş gəlirsə, Allah yoxdur ki, gəlir”. Həmçinin onlar əxlaqsızlığı ateizmə yaraşdırdıqlarına görə, bu haqda çox danışmağa gərək yoxdur.

 

    * Özlərini radikal pantürk kimi təqdim edənlər

Radikal pantürklər kimi özlərini təqdim edən “pantürkizm”in kimin tərəfindən yaradıldığını bilməyən bir qrup “Böyük Turan” deyə-deyə qeyri-türk olan hər kəsə nifrət bəsləmələrini normal görürlər. Lakin onlar nədənsə İranda yaşayan milyonlarla azərbaycanlının da türk olduğunu “yaddan” çıxarırlar.

 

    * Siyasi və ictimai məsələləri təqib etmədən və təhlil qabiliyyəti olmayan haya-huya düşənlərin fikirləri

4-cü qrup təhlil etmədən anlıq siyasi gəlişmələri yaddan çıxararaq hər şeyə bu prizmadan baxanlardır. Bu məsələyə diqqət etməli olsaq bir zamanlar Azərbaycan və İran arasında səfirlik böhranından sonra Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağın açılışı kimi yaxınlaşma heç vaxt mümkün olan deyildi.

 

      * Planlı və sifariş əsasında "fikirlər"

. Sonuncu qrup haqqında ətraflı yazmamağımın səbəbi hər şeyin bəlli olmasıdır. Planlı və sifariş əsasında yazılanlarda həqiqət payı olsa da, olmasa da geniş kütlənin fikri deyil.

 

WIN-WIN...

Lakin ölkələr öz diplomatiyalarını “anlıq hadisələr”lə deyil, ən azı qarşılıqlı “win-win” (qazan qazan) və ya müzakirə/danışıqlar teoriyası əsasında tənzimləyirlər.

Odur ki, mədəniyyət, din, dil və digər ortaq dəyərlərə sahib iki ölkənin qarşılıqlı hörmət əsasında bir-birinə dəstək olması bir-birinə düşmən mövqedə olmaqdan daha yaxşıdır. Məhz bu reallığı nəzərə alsaq dünən Azərbaycan Prezidenti İlham Əliyevin İranın mərhum prezidentilə görüşdə işarə etdiyi nöqtələrdən misal gətirmək istəyirəm:

Bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir.”

Prezidentdə görə, iki ölkə əlaqələrinin inkişafı və bu cür layihələr iki ölkə xalqının rifahını yaxşılaşdıracaq.

İranın mərhum prezidenti isə böyük layihənin açılışı zamanı maraqlı məqamlara toxunmuşdu: “Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir. Təbii ki, bu əlaqə bizim ölkələrin tarixə dayanan əlaqəsi olaraq xalqlarımızı bir-birinə birləşdirir. Bu əlaqə qəlblərdədir, qəlblərdən gəlir və sarsılmazdır. İki ölkə arasındakı əlaqə heç nədən asılı olmayaraq xələl görməyəcək və sarsılmayacaq. Bu əlaqələr gündən-günə daha da artacaq və daha da möhkəmlənəcək.”

O həmçinin Qarabağın azad edilməsi münasibətilə də belə təbrik etmişdi: “Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər. Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm.”

 

P.S. Son olaraq bu sual haqqında düşünmənizi istəyirəm: "Faciəyə məsxərə etmək, ölkələr arasında düşmənçilik istəmək əgər vətənpərvərlikdirsə, ölkələrin danışıqlar və müzakirələrə önəm verərək sabitlik, rifah istəməsi bu yöndə siyasət aparması nədir?"

 

Son olaraq helikopter qəzası nəticəsində həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Məhəmmədəli Ali Haşim və qəzada həyatını itirən digər şəxslərə Allahdan rəhmət diləyir, İran xalqına dərin hüznlə başsağlığı bildirirəm.

 

Ramin Bayramov/İslamazeri.com-un Baş Redaktoru

 

GÜNÜN MANŞETLERİ